Türkiyə-Ermənistan sərhədlərinin açılma ehtimalı ətrafında yaranmış vəziyyətlə yerində tanış olmaq və rəsmi Ankaranın məruz qaldığı beynəlxalq təzyiqlərə baxmayaraq Ermənistanla sərhədləri bundan sonra da açmamasına öz mənəvi dəstəyini nümayiş etdirmək məqsədilə ANS-in təşəbbüsü ilə Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərindən ibarət nümayəndə heyətinin Qarsa səfərinin baş tutmaması ətrafında ziddiyyətli suallar yaranıb. Vəziyyətə aydınlıq gətirmək üçün ANS Şirktələr Qrupunun vitse-prezidenti Mirşahin Ağayevə müraciət etdik:
ANSPRESS-in suallarına cavab verən M. Ağayev bildirdi ki, doğrudan da belə bir səfər gündəlikdə idi və reallaşmağa çox yaxın idi. "Azərbaycanın ən nüfuzlu mətbuat və elektron kütləvi informasiya vasitələrinin təmsil olunduğu nümayəndənin 50-dən artıq üzvü var idi. Səfərdə məqsəd Qarsda, daha doğrusu Ermənistan və Türkiyə sərhədində olmaq, Azərbaycan jurnalistlərinə dəstək verən Türkiyəli həmkarlarımızla birlikdə əl-ələ tutub türkün-türkə dəstək verməsi faktını bir daha ortaya qoymaq idi. Azərbaycan Hava Yolları ilə bütün texniki və təşkilati məsələlər həll olunmuş, uçuş üçün BOİNQ təyyarəsi hazırlanmış və bizə elan edilmişdi ki, nümayəndə heyətinin Qarsa səfərinin həyata keçiriləcəyi xüsusi reysə qeydiyyat aprelin 10-da səhər saat 8-dən başlayacaq, saat 11-də isə təyyarə havaya qalxacaqdı. Mən artıq missiya üzvlərinə saat neçədə harada olmaları barədə xəbərdarlıq etmişdim. Lakin bir gün əvvəl, aprelin 9-da saat 19. 30 radələrində AZAL-ın təmsilçisi Rafiq Məmmədov mənə zəng edərək bildirdi ki, Türkiyə tərəfi bizim təyyarəni qarşılamağa hazır deyil və Qarsda gömrük, habelə sərhəd xidmətçiləri yoxdur. Bizə Trabzona getmək, Qarsa isə buradan yola düşmək təklif olunur. ANS-in növbəti cəhdləri də vəziyyəti dəyişə bilmədi. Beləliklə biz Qarsa uça bilmədik. Odur ki, guya təyyarənin havaya qalxması, hətta Qarsın üstündən dönərək geri qayıtması və s. bu kimi məlumatlar həqiqətə uyğun deyil". /ANSPRESS/