İlham Əliyev Rumıniya prezidentinin müşavirini qəbul edib
27 Fevral 2012 Bazar Ertəsi 18:47
Görüşdə NATO-Azərbaycan əlaqələri çərçivəsində əməkdaşlığının önəmi qeyd olunub.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Rumıniya prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Prezident İlham Əliyev özünün Rumıniyaya, Rumıniya prezidenti Trayan Beseskunun isə ölkəmizə səfərlərini məmnunluqla xatırlayıb.
Azərbaycan ilə Rumıniya arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu deyən dövlət başçısı bildirib ki, əlaqələrimizin inkişafına dair imzalanan sənədlər ölkələrimizin tərəfdaşlığının strateji əhəmiyyət daşıdığını əks etdirir. Prezident İlham Əliyev ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, siyasi, təhlükəsizlik, eləcə də NATO-Azərbaycan əlaqələri çərçivəsində əməkdaşlığının önəmini qeyd edib.
Yulian Fota Rumıniya prezidenti Trayan Beseskunun salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırıb. Bir il bundan əvvəl ölkəsinin prezidenti ilə Azərbaycana səfər etdiyini məmnunluqla xatırlayan qonaq ötən dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu deyib.
Dövlət başçısı Rumıniya prezidenti Trayan Beseskunun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rumıniya dövlətinin başçısına çatdırmağı xahiş edib.
DOSTLARINLA PAYLAŞ: