İlham Əliyev konqresmenləri qəbul etdi
19 Aprel 2014 Şənbə 12:57
İlham Əliyev ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri və onu müşayiət edən konqresmenlərlə görüşüb.
Prezident İlham Əliyev aprelin 19-da ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri konqresmen Ed Roysu və onu müşayiət edən konqresmenləri qəbul edib.

ANS PRESS-in məlumatına görə, konqresmen Ed Roys Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu deyib və bundan məmnunluğunu ifadə edib. Konqresmenlər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji, terrorizmə qarşı mübarizə və Əfqanıstanla bağlı uğurlu əməkdaşlığı yüksək qiymətləndiriblər. Qonaqlar, həmçinin Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığını də yüksək dəyərləndiriblər.

Dövlət başçısı öz növbəsində Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiyini deyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlətimizin başçısı münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyini diqqətə çatdırıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox soydaşımızın qaçqın və məcbur köçkün vəziyyətinə düşdüyünü, Dağlıq Qarabağın və ətraf yeddi rayonun işğala məruz qaldığını vurğulayan Prezident İlham Əliyev münaqişənin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin konkret addımlar atmalarının vacibliyini qeyd edib.

Görüşdə ABŞ nümayəndə heyətinin Azərbaycana bu səfərinin ölkəmizlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığı bildirilib. Səfərin əlaqələrimizin yeni sahələrinin müəyyənləşdirilməsi baxımından önəmi qeyd edilib, ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





DOSTLARINLA PAYLAŞ:

oyunlar