İlham Əliyev Böyük Britaniya lordlarını qəbul edib
05 İyun 2012 Çərşənbə Axşamı 20:54
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulanıb.
Azərbaycan prezidenti İlham Əliyev Lord Şeyx Mohamed İltaf, Lord Patel Kamleş Kumar, Lord Dük Hugh Con Maksvell, Lord Risbi Riçard Con Grenvilldən ibarət Böyük Britaniya nümayəndə heyətini qəbul edib.

Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Lord Şeyx Mohamed İltaf bu əlaqələrin gələcəkdə daha geniş sahələri əhatə edəcəyinə ümidvar olduğunu bildirib. bp-nin Azərbaycandakı fəaliyyətinin əhəmiyyətini qeyd edən Lord Şeyx Mohamed İltaf ölkəmizlə mədəni əlaqələrlə yanaşı, biznes sahəsində əməkdaşlığın daha da genişləndirilməsində də maraqlı olduqlarını vurğulayıb.

Dövlət başçısı NATO-nun Çikaqo sammitində Böyük Britaniyanın Baş naziri Devid Kemeron ilə görüşünü və ikitərəfli əlaqələrimizlə bağlı aparılan müzakirələri məmnunluqla xatırlayıb. Azərbaycanın Böyük Britaniya ilə ikitərəfli münasibətlərinin tarixinin zəngin olduğunu vurğulayan prezident İlham Əliyev enerji sektorunda, sərmayə qoyuluşu və eləcə də iqtisadiyyatın digər sahələrində əməkdaşlığın önəmini qeyd edib.

Bu gün keçirilən 19-cu Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının əhəmiyyətini vurğulayan dövlət başçısı bp-nin Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu, təkcə enerji sahəsində deyil, digər sahələrdə də uğurlu əməkdaşlıq etdiyini deyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar