Hacı Allahşükür Paşazadə Mahmud Əhmədinejadla görüşüb
16 Oktyabr 2012 Çərşənbə Axşamı 12:49
QMİ sədri Hacı Allahşükür Paşazadə İran xalqını Eydül-Əzha münasibətilə ürəkdən təbrik edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə İran Prezidenti Mahmud Əhmədinejad ilə görüşüb. QMİ-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Paşazadə Azərbaycanda səfərdə olan Əhmədinejadla onun üçün ayrılmış iqamətgahda görüşüb.
Səmimi şəraitdə keçən görüşdə Azərbaycan və İran arasında tarixi-mənəvi əlaqələrin qorunub saxlanılması və inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb, xalqlarımız və dövlətlərimiz arasında ünsiyyətin daha da dərinləşdirilməsinin vacibliyi önə çəkilib.
Şeyxülislam xüsusi vurgulayıb ki, dost və qardaş dövlətlərimiz arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də əlaqələrin yüksək səviyyəsinin bərqərar edilməsi olduqca mühümdür və bu xalqlarımızın rifah və səadətinə xidmət edir.
QMİ sədri İranın ali dini lideri Ayətullah-üzma Xameneyi başda olmaqla bütün İran xalqını müsəlman dünyasının qarşıdan gələn böyük bayramı - Eydül-Əzha münasibətilə ürəkdən təbrik edib, Qurban bayramının fəzilət və nurunun bütün İslam dünyasına əmniyyət və rifah bəxş etməsini diləyib, həmçinin, ali dini liderə dərin ehtiram və salam-dualarını yetirməyi rica edib.
İran Prezidenti öz növbəsində, Azərbayan müsəlmanlarına xoş arzularını dilə gətirib. Paşazadənin müsəlman həmrəyliyinə dəlalət edən əməl və səylərini yüksək dəyərləndirdiyini bildirən Əhmədinejad İran və Azərbaycan xalqları arasında dini-mənəvi əlaqələrin möhkəmlənməsinə rəvac olaraq şeyxülislamı İrana səfərə dəvət edib.
DOSTLARINLA PAYLAŞ: