Hacı Allahşükür Paşazadə Kazanda Tatarıstan prezidenti ilə görüşüb
17 Dekabr 2011 Şənbə 00:28
Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə: “İşləməyə gələn miqrantları destruktiv ideoloji qüvvələrdən qorumaq lazımdır”.
Dekabrın 15-16-da MDB Müsəlmanları Dinlərarası Şurasının həmsədri, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Tatarıstan Respublikasının paytaxtında işgüzar səfərdə olub. Səfər çərçivəsində A.Paşazadə “İslam terrorçuluğun əleyhinədir: cəmiyyət və dövlət üçün təhlükə potensialı, ekstremizmə qarşı mübarizə vasitələrinin axtarışı” mövzusunda Ümumrusiya elmi-praktiki konfransda iştirak edib. İslam mədəniyyətinə, təhsilə və elmə kömək qeyri-kommersiya xeyriyyə fondunun dəstəyi ilə Tatarıstan Müsəlmanlarının Ruhani İdarəsi tərəfindən təşkil olunmuş konfransın məqsədi din faktorundan istifadə edən terrorçuluğun yerinin və rolunun müəyyənləşdirilməsi, destruktiv fəaliyyətin təzahür etdiyi ilkin mərhələlərdə aşkara çıxarılması, terrorçuluğun ölkənin həyatında ictimai-siyasi, sosial-iqtisadi və mənəvi proseslərə təsirinin obyektiv qiymətləndirilməsi və ilkin əks-tədbirlərin görülməsidir.

QMİ-nin sədri A.Paşazadə konfransın iştirakçılarına və bütün Tatarıstan xalqına Azərbaycan Prezidenti İlham Əliyevin salamını və xoş arzularını çatdırıb. Sonra A.Paşazadə proqram məruzə ilə çıxış etmişdir. O, Azərbaycanın dövlət siyasətindən, tolerantlığı ilə tanınan respublikadakı vəziyyətdən danışıb.

O, öz çıxışında bütün ənənəvi dinlərin, o cümlədən islamın ardıcıllarının mənəvi yüksəlişi üçün lazımi şərait yaradılmasında Rusiya Federasiyası rəhbərliyinin siyasətini yüksək qiymətləndirib. A.Paşazadə postsovet məkanında miqrantların problemlərinə, onların Rusiya cəmiyyətinə mənəvi və əxlaqi inteqrasiyasına kömək göstərilməsi məsələlərinə xüsusi diqqət yetirib. A.Paşazadə vurğulayıb ki, işləməyə gələn miqrantları onlardan öz qərəzli siyasi məqsədlərinin həyata keçirilməsi üçün istifadə etmək istəyən destruktiv ideoloji qüvvələrdən qorumaq lazımdır. Belə meyillərə qarşı mübarizə aparmaq məqsədi ilə QMİ-nin başçısı A.Paşazadə qarşılıqlı zəmində MDB ölkələrinin mənəvi-mədəni mərkəzlərini yaratmağı təklif etmişdir. Belə mərkəzlər dini mənsubiyyətindən asılı olmayaraq bütün miqrantlar üçün əlaqələndirmə mərkəzləri ola bilər.

MDB Müsəlmanları Məsləhət Şurasının sədri - Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovla görüşü olub. Tatarıstan Prezidenti Qafqaz və Rusiya müsəlmanlarının birləşməsində A.Paşazadənin fəaliyyətini, Birliyin xalqları arasında dinlərarası dialoqun genişlənməsinə onun şəxsi töhfəsini yüksək qiymətləndirib.

Qafqaz müsəlmanlarının başçısı Rusiya İslam İnstitutunda olub, ali məktəbin rəhbərliyi və tələbələri ilə görüşmüş, institutun zəngin kitabxanası ilə tanış olub. Tərəflər bir-birini salamlamış, ümmətin həyatı ilə əlaqədar dini məsələləri, müxtəlif millətlərin nümayəndələrinin yaşadıqları bölgələrdə konfessiyalararası münasibətlərin qorunub saxlanması problemlərini və bir sıra başqa məsələləri müzakirə ediblər.

A.Paşazadə Kazanın Azərbaycan diasporunun nümayəndələri ilə də görüşüb, onlara xeyir-dua verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar