Elmar Məmmədyarov Türkmənistan və Pakistanın xarici işlər nazirləri ilə görüşüb
28 Sentyabr 2012 Cümə 16:27
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Türkmənistan baş nazirinin müavini, eyni zamanda xarici işlər naziri olan Rəşid Meredov ilə görüşüb.
XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlər iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Görüşdə təhsil, mətbuat, iqtisadi, enerji və humanitar sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilib. Nazir Elmar Məmmədyarov iki ölkənin diplomatik tədris müəssisələri arasında əməkdaşlıq sazişinin imzalanması təşəbbüsü ilə çıxış edib. Türkmənistanlı nazir öz növbəsində rəsmi mətbuat agentlikləri arasında əməkdaşlıq sazişinin imzalanmasını təklif edib.
Hər iki nazir həmçinin Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması ilə bağlı fikir mübadiləsi aparıblar.
Elmar Məmmədyarov dünən həmçinin Pakistanlı həmkarı xanım Hina Rabbani Xar ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. İki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin intensivləşdirilməsi və hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyi qeyd edilib.
Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və hər iki ölkənin bu çərçivədə bir-birini dəstəkləməsinin əhəmiyyətini vurğulayıblar. Görüş zamanı həmçinin BMT-nin Təhlükəsizlik Şurasının gündəliyində duran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov Pakistanlı həmkarını ölkəmizə səfərə dəvət edib və dəvət məmnunluqla qəbul olunub.
DOSTLARINLA PAYLAŞ: