Elmar Məmmədyarov Türkiyəyə gedəcək
02 Dekabr 2009 Çərşənbə 10:25
Elmar Məmmədyarov Türkiyəyə gedəcək. Əhməd Davudoğlu azərbaycanlı həmkarını rəsmi səfərə dəvət edib.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının 17-ci iclasında çərçivəsində Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş çərçivəsində iki ölkə arasında münasibətlərin bütün istiqamətləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. Görüşdə habelə, regional məsələlər, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması, Əfqanıstan mövzuları ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Nazir Ə.Davudoğlu regionda sülh və təhlükəsizliyin təmini üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyini bildirib, yalnız Azərbaycanın əraziləri işğaldan azad olduqdan sonra Türkiyə və Ermənistan arasında imzalanmış protokolların ratifikasiyasının və müvafiq olaraq onların icra edilməsinin mümkünlüyünü bildirib.
E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesinin cari vəziyyəti və məsələyə münasibətdə ölkəmizin mövqeyi barədə məlumat verib.
Görüşün sonunda nazir Ə.Davudoğlu azərbaycanlı həmkarını Türkiyəyə rəsmi səfərə dəvət edib, dəvəti qəbul edən nazir E.Məmmədyarovun səfərin dekabr ayının ikinci yarısında həyata keçirilməsinin mümkünlüyünü bildirib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: