Elmar Məmmədyarov erməni işğalından danışdı
28 Aprel 2014 Bazar Ertəsi 16:33
Nazir Elmar Məmmədyarov Yaponiyanın xarici işlər nazirinin parlament məsələləri üzrə müavini qəbul edib.
Nazir Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Yaponiyanın Xarici işlər nazirinin parlament məsələləri üzrə müavini Takao Makinonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

ANS PRESS-in Xarici İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir Elmar Məmmədyarov Azərbaycan ilə Yaponiya arasında siyasi, iqtisadi və enerji sahəsindəki mövcud əməkdaşlığın səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov münaqişə ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə əsaslanan prinsipial mövqe nümayiş etdirdiyinə görə Yaponiya tərəfinə təşəkkürünü ifadə edib.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxarılmasının tələb olunmasına baxmayaraq, Ermənistanın buna əməl etmədiyini diqqətə çatdırıb.

Takao Makinon dövlətlərin ərazi bütövlüyünə hörmətin Yaponiyanın prinsipial mövqeyi olduğunu qeyd edərək, bu yaxınlarda keçirilmiş Azərbaycan-Yaponiya hökumətlərarası birgə komissiyanın iclasının və xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmənin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verdiyini diqqətə çatdırıb.

Görüş əsnasında ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, sərmayələrin və turizmin təşviq edilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi və qeyri-enerji sektoru üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar