Əli Əhmədov: "Ölkənin gələcəyi gənclərlə bağlıdır"
26 Aprel 2011 Çərşənbə Axşamı 21:48
Əli Əhmədov: "Ona görə də, gənclər bugünkü sabitliyin, əmin-amanlığın, dincliyin qorunmasında maraqlı olmalıdır".
“Azərbaycan hökumətinin fəaliyyətində gənclərlə bağlı siyasət əsas yerlərdən birini tutur. Gənclərin yaxşı təhsil alması, müasir dünyagörüşünə yiyələnməsi, malik olduğu potensialı ifadə etməsi və bu potensialı Azərbaycanın inkişafı istiqamətinə yönəltməsi bu gün hökumətimizin həyata keçirdiyi siyasətin əsas qayəsini, ideya bazasını təşkil edir”. Bunu YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib.
Azərbaycan prezidentinin sərəncamı əsasında 2011-2015-ci illərdə Azərbaycan gəncliyinin inkişafı ilə əlaqədar Dövlət Proqramının hazırlandığını deyən Ə. Əhmədovun sözlərinə görə, bu proqramda gəncliyin inkişafını təmin etmək üçün ən ümdə vəzifələr öz əksini tapacaq. O qeyd edib ki, proqramın qəbul olunub həyata keçirilməsi Azərbaycan gəncliyinin daha da inkişafına ciddi təkan verəcək.
Ə. Əhmədov bildirib ki, Azərbaycanda sabitliyin, əmin-amanlığın möhkəmləndirilməsi hər bir Azərbaycan vətəndaşının, xüsusilə gənclərin borcudur: “Çünki Azərbaycanın gələcəyi gənclərlə bağlıdır. Ona görə də, gənclər bugünkü sabitliyin, əmin-amanlığın, dincliyin qorunmasında maraqlı olmalıdırlar ki, bütün bunların əsasında Azərbaycan daha da inkişaf etsin və gənc nəsil üçün daha yüksək rifahın təmin edildiyi bir Azərbaycan qurulsun. Təəssüf ki, gənclərimizin kiçik bir hissəsini Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin sifarişini həyata keçirən müxalifət partiyalarının radikal qanadı öz ətrafına toplayıb. Həmin qüvvələr bu gənclərdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Amma sağlam düşüncəli gənclər onları bu səhv yoldan çəkindirmək üçün ciddi şəkildə çalışmalıdırlar”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: