Eks-prezident Ayaz Mütəllibov siyasətdən getdiyini rəsmən açıqlayıb
30 İyun 2012 Şənbə 13:02
Eks-prezident Ayaz Mütəllibov siyasətdən getdiyini rəsmən açıqlayıb. Bu açıqlamanı ASDP-nin qurultaya telefonla qatılan eks-prezident verib.
“Eks-prezidentlər haqqında qanunun qəbulu ölkə başçısı İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub.
Bu da Azərbaycan demokratiyasının inkişafında mühüm addımdır. Qanun eyni zamanda ölkədə daxili siyasi mühitə də müsbət təsir göstərməyə bilməz”.
APA-nın məlumatına görə, bu sözləri ASDP-nin qurultaya telefonla qatılan eks-prezident, partiyanın həmsədri Ayaz Mütəllibov deyib. A. Mütəllibov bildirib ki, bu qanun ona da şamil olunub: “Həmin sənədin qəbulu mənim və ailə üzvlərimin də sevincinə səbəb oldu. Çünki bu qanun mənim mühacirət həyatıma son qoydu və Vətənə qayıdışıma imkan yaratdı. Arzum budur ki, xalqı birləşdirən bu cür addımların sayı çox olsun. Fürsətdən istifadə edərək ölkə prezidenti İlham Əliyevə, qanun müəlliflərinə, parlamentdə müzakirələr zamanı qanunu dəstəkləyən deputatlara, siyasi xadimlərə, sıravi vətəndaşlara səmimi minnətdarlığımı bildirirəm”.
A. Mütəllibov qeyd edib ki, bu qanun keçmiş dövlət başçılarına layiqli qiymət verir: “Bu qanun mənə və ailə üzvlərimə illər boyu çəkdiyimiz iztirabların qarşılığında mənəvi rahatlıq verir. Əziz dostlar, bu status mənə siyasətlə məşğul olmağımı qadağan etmir. Lakin mən özüm qərara gəlmişəm ki, obyektiv səbəblərə görə, partiya üzvlüyündən çıxım. Bu addımımın səbəbi ailəmlə məşğul olmaq niyyətimlə, həmçinin səhhətimə diqqət yetirməyimlə bağlıdır. Mühacirətdə olduğum dövrlərdə ailəm, nəvələrimlə telefon vasitəsi ilə əlaqə saxlamışam. Sizlər isə mənim vətəndaş hüquqlarımın qorunması və bərpasına görə səylər göstərmisiniz. Bu işdə mənim məsləkdaşım Araz Əlizadəyə təşəkkürümü bildirmək istəyirəm. Mənim hüquqlarımın bərpası ilə bağlı “Sosintern”in baş katibi Luis Ayalanın Azərbaycana səfərinin təşkil edilməsi, ölkə başçısı ilə görüşlərinin keçirilməsini də qeyd etmək istəyirəm. Əqidə etibarı ilə sosial demokratiyanın tərəfdarı olmuşam, bu mövqeyimdə də qalacam. Arzu edirəm ki, doğma Azərbaycanımızın qüdrəti günü-gündən artsın, hər bir ailədə xoşbəxtlik və əmin-amanlıq hökm sürsün”.
DOSTLARINLA PAYLAŞ: