Əhməd Davudoğlu: “Ermənilərin inadkarlığını anlamıram”
19 Mart 2010 Cümə 14:50
Əhməd Davudoğlu: Türkiyə ilə Ermənistanın yaxınlaşması mümkündür. Bizim serblərlə münaqişəmiz bir neçə min il, ermənilərlə münaqişəmiz isə yüz il davam edib.
APA-nın “Artmenia today” portalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Bolqarıstana səfərindən əvvəl jurnalistlərə açıqlamasında deyib. O, yarım il ərzində serb həmkarı ilə 11 dəfə görüş keçirdiyini söyləyib: “Ermənilər isə bizimlə Qarabağ münaqişəsini müzakirə etmək istəmirlər, deyirlər ki, biz azərbaycanlıların tərəfindəyik. Biz isə cavab veririk ki, serblərlə dil tapa bilmişiksə, sizinlə də tapa bilərik. Biz Serbiya ilə Bosniya-Herseqovinanı barışdırmışıq. Halbuki onlar arasındakı münaqişə daha dərin idi. Biz üçtərəfli Türkiyə-Bosniya-Serbiya danışıqlarını təşkil edə bildiksə, niyə Türkiyə, Azərbaycan və Ermənistan arasında analoji görüş keçirməyək? Bu inadkarlığı anlamıram. Erməni tərəfinə bu barədə düşünməyi məsləhət görürəm”. APA
DOSTLARINLA PAYLAŞ: