Əfşar Süleymani həbsi barədə səfirlikdə məlumat yoxdur
07 Dekabr 2009 Bazar Ertəsi 13:35
İran İslam Respublikasının Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin İranda həbs edilməsi barədə bizdə məlumat yoxdur.
Bunu APA-ya İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri deyib. A. İsgəndəri bildirib ki, Ə. Süleymani saxlansaydı, səfirliyin bundan xəbəri olardı.

Bunun İranın daxili işi olduğunu qeyd edən diplomatın sözlərinə görə, vəzifəsindən asılı olmayaraq, qanuna zidd hərəkət edən hər kəs qanun qarşısında cavab verməlidir: “Bu, bütün ölkələrdə belədir”.

A. İsgəndəri Ə. Süleymaninin saxlanılması barədə xəbərin, eləcə də reallığa əsaslanmayan digər hadisələrin mətbuatda mütəmadi yer aldığını da deyib.

Qeyd edək ki, Ə. Süleymaninin İranda həbs edilməsi barədə “Xural” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, Tehran məhkəməsi tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilən Ə. Sonradan 2500 dollar girov müqabilində sərbəst buraxılıb. Keçmiş səfir Azərbaycanda çalışarkən burada növbəti dəfə ailə qurması barədə ölkəsinə məlumat verməyib ki, bu da İran qanunlarının pozulması deməkdir. Məhkəmə iddiasını isə onun Azərbaycandan olan həyat yoldaşı Şəmsiyyə Bəylərqızının qaldırdığı bildirilir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar