Dağdıq Qarabağ danışıqlarının sonu görünmür
30 Noyabr 2009 Bazar Ertəsi 01:40
Vladimir Kazimirov: “Dağdıq Qarabağ danışıqlarının sonu görünmür. Tərəflər qarşılıqlı güzəştlərə və sülh sazişinin razılaşdırılmasına hazır deyillər”.
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar 17 ildən çoxdur davam etsə də, son hələ görünmür”. ATƏT-in Minsk Qrupunun keçmiş rusiya həmsədri Vladimir Kazimirovun “Nezavisimaya qazeta”dakı məqaləsində belə deyilir. Onun sözlərinə görə, tərəflərin əsas mübahisəli məsələ-Dağlıq Qarabağın statusu ilə bağlı mövqeləri fərqlidir. Tərəflərdən heç biri qarşılıqlı güzəştlərə və sülh sazişinin baza prinsiplərinin razılaşdırılmasında sıçrayışa hazır deyil.
Vladimir Kazimirovun sözlərinə görə, beynəlxalq təşkilatlar və vasitəçi ölkələr tərəflərin öz aralarında kompromis axtarmasını tələb edirlər. Tərəflərdən hər biri isə kompromisi öz prinsiplərinə (Azərbaycan-ərazi bütövlüyü, Ermənistan-öz müqəddəratını təyinetmə hüququ) uyğunlaşdırmağa çalışır: “Amma bu, mübahisəni həll etmir. Praktiki təbiqdə bu prinsiplər bir-birindən fərqlənir. Digər Helsinki prinsipləri də nəzərə alınmayıb. Hətta, məhz münaqişəli vəziyyətlər üçün hazırlanmış mübahisələrin dinc yolla həlli, güc tətbiq etməmə və güc tətbiqi ilə hədələməmə prinsipləri də. ATƏT-in Minsk Qrupunun həmsədrləri də bu iki prinsipi unudublar. Bir müddət əvvəl onlar güc tətbiq olunmamasına istinad etsələr də, güc hədəsini xatırlamayıblar”.
Vladimir Kazimirovun fikrincə, 2,5 il davam edən birinci Qarabağ savaşını və 30 mindən artıq şəxsin həlak olmasını, milyonlarla qaçqın və məcburi köçkünü unutmaq olmaz: “Yeni müharibədə yarıpartizan dəstələrinin yox, yaxşı təchiz edilmiş orduların toqquşmasına çevrilə, tələfat və dağıntıların miqyası böyüyə, ölkələri inkişafdan onilliklərlə geri düşməsinə səbəb ola bilər”. ATƏT-in Minsk Qrupunun keçmiş həmsədrinin fikrincə, yeni hərbi əməliyyatların başlaması azərbaycanlılar və ermənilər arasındakı münasibətlərə yeni qanlı səhifələr əlavə edə, düşmənçilik və nifrətin əsrlərlə davam etməsinə səbəb ola bilər.
Yazının Azərbaycan prezidenti İlham Əliyevin Münhen görüşü ərəfəsində səsləndirdiyi müharibə bəyanatından qaynaqlandığına şübhə yoxdur. Hələ fəaliyyətdə olduğu dövrdən ermənipərəst mövqeyi ilə fərqlənən Vladimir Kazimirov, bu mövqeyini daha sərtləşdirib. Elə bu səbəbdən də diplomatın məqaləsi tam birtərəfli alınıb və Azərbaycanın haqsız duruma salınması məqsədinə xidmət edir. Məsələn, Vladimir Kazimirov iddia edir ki, Azərbaycan işğal olunmuş torpaqların boşaldılmasını tələb etsə də, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə təminat vermir. Halbuki, Qarabağ ermənilərinin müharibədən sonrakı vəziyyəti ilə bağlı Azərbaycanda hətta birinci şəxsin dilindən bir sıra bəyanatlar verilib. Bildirilib ki, rəsmi Bakı Dağlıq Qarabağa Azərbaycanın sərhədləri çərçivəsində ən yüksək muxtariyyət verməyə hazırdır. Görünür, Vladimir Kazimirov ya bu barədə bəyanatları eşitməyib, ya da eşitmək istəməyib.
Yazıda başqa bir maraqlı məqam var. Vladimir Kazimirov sual edir: “Əgər Azərbaycan 1992-ci ildə Rusiya və ATƏT-in Minsk Qrupunun hərbi əməliyyatların dayandırılması barədə təkliflərini qəbul etsəydi, ermənilər Azərbaycanın yeddi rayonunu işğal edə bilərdimi?”. Keçmiş həmsədrin sözlərinə görə, rəsmi Bakı barışığa getmək istəməyib və bir-birinin ardınca rayonlarını itirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: