Bolqarıstan prezidenti Georgi Pırvanov Azərbaycana rəsmi səfərə gəlib
14 Noyabr 2011 Bazar Ertəsi 13:38
Bolqarıstan prezidenti Georgi Pırvanov Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində iki ölkə arasında bir neçə sənəd imzalanacaq.
Bolqarıstan prezidenti Georgi Pırvanov Azərbaycana ikigünlük rəsmi səfərə gəlib. APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində dövlət başçıları energetika sahəsində ikitərəfli əməkdaşlıq, o cümlədən Bolqarıstana 1 milyard kubmetr qaz ixracı məsələlərini müzakirə edəcək, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Səfər zamanı iki ölkə arasında sosial müdafiə, informasiya müdafiəsi sahəsində əməkdaşlıq sazişi, iki ölkənin xarici siyasət idarələri arasında əməkdaşlığa dair saziş, Bolqarıstan Milli və Dünya İqtisadiyyatı Universiteti ilə Azərbaycan İqtisadiyyat Universiteti arasında əməkdaşlığa dair saziş imzalanacaq. Georgi Pırvanov ikitərəfli əməkdaşlığa verdiyi töhfəyə görə prezident İlham Əliyevə Bolqarıstanın ali dövlət mükafatını təqdim edəcək.
Səfər çərçivəsində Bolqarıstan prezidentinin Milli Məclisin spikeri Oqtay Əsədov və baş nazir Artur Rasizadə ilə görüşü də nəzərdə tutulur.
Qeyd edək ki, Georgi Pırvanovu səfərdə Bolqarıstanın iqtisadiyyat və energetika naziri Trayço Traykov, sosial siyasət naziri Totyu Mladenov, xarici işlər nazirinin müavini Konstantin Dimitrov, həmçinin iş adamları müşayiət edirlər.
DOSTLARINLA PAYLAŞ: