Birinci xanım Mehriban Əliyeva Azərbaycanın Almaniyadakı səfirliyində olub
01 Oktyabr 2011 Şənbə 00:59
Birinci xanım Mehriban Əliyeva Berlindəki “Berlin-Baku-Galeri” sərgi salonuna da gedib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Almaniyaya səfəri çərçivəsində Berlindəki “Berlin-Baku-Galeri” sərgi salonunda olub. Bakıdakı “Qız qalası” rəsm qalereyasının direktoru Emin Məmmədov “Berlin-Baku-Galeri” sərgi salonunun fəaliyyəti barədə Mehriban xanım Əliyevaya məlumat verib.

Azərbaycanın birinci xanımı “Berlin-Baku-Galeri” salonunun rəhbəri, tanınmış rəssam İbrahim Əhrari ilə görüşüb.

Məlumat verildi ki, 2007-ci ildən fəaliyyət göstərən bu qalereya Bakıdakı “Qız qalası” rəsm qalereyasının Berlindəki filialıdır. İndiyədək burada 62 Azərbaycan, 46 alman rəssamının sərgisi keçirilmişdir. Açılışından bəri qalereyada 43 sərgi, bu ilin ötən dövründə isə 12 sərgi təşkil olunmuşdur. Hazırda qalereyada alman rəssamı İnqa Şmitin və Azərbaycan rəssamı Əli İbadullayevin rəsm əsərləri sərgilənir. Bu qalereya, həmçinin Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.


Sonra Mehriban xanım Əliyeva Azərbaycanın Almaniyadakı səfirliyinə gedib. Səfir Pərviz Şahbazov Azərbaycanın Almaniyadakı diplomatik nümayəndəliyinin fəaliyyəti barədə Mehriban xanım Əliyevaya məlumat verib. Qeyd olundu ki, səfirliyin yerləşdiyi binada əməkdaşların fəaliyyəti üçün bütün şərait yaradılıb.

Heydər Əliyev Fondunun prezidenti burada Azərbaycanın əməkdar rəssamı, Almaniyada yaşayan soydaşımız Əşrəf Heybətov ilə görüşüb. Rəssam Azərbaycanın birinci xanımının portretini və “Azərbaycan - Şərq dünyası” adlı qrafik əsərlərinin albomunu Mehriban xanım Əliyevaya təqdim edib.

Birinci xanım Mehriban Əliyeva səfirlikdə Almaniyanın Humbolt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri professor Yeva Mariya Aux ilə görüşüb. Yeva Mariya Aux 2010-cu ildə açılan kafedranın fəaliyyəti barədə Mehriban xanım Əliyevaya məlumat verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar