Azərbaycanlı deputatlar Sankt-Peterburqa yola düşür
09 Noyabr 2011 Çərşənbə 00:29
Milli Məclisinin nümayəndə heyəti MDB Parlament Assambleyası Şurasının iclasında iştirak edəcək.
Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti MDB Parlament Assambleyası Şurasının iclasında iştirak etmək üçün bu gün Sankt-Peterburqa səfər edəcək. Milli Məclisin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Rasim Musabəyov, Rüfət Quliyev, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
MDB Parlament Assambleyası Şurasının iclasında təşkilatı məsələlərlə yanaşı, Qırğızıstanda keçirilmiş prezident seçkiləri, Nürnberq prosesinin 65 illiyinə həsr olunmuş beynəlxalq konfransın, Neva ekoloji konqresinin, “Vətəndaşların demokratiya və seçki hüquqları”, “MDB: nailiyyətlər, problemlər və perspektivlər” adlı seminarların nəticələri barədə və digər mövzularda müzakirələr aparılacaq.
Nümayəndə heyətinin üzvləri burada seçki və referendumlarda iştirak edən beynəlxalq müşahidəçilər üçün nəzərdə tutulmuş seminarda, MDB PA-nın siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının iclasında iştirak edəcəklər.
Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovun Rusiya Federal Məclisinin Federal Şurasının sədri Valentina Matviyenko, Ukrayna Ali Radasının sədri Vladimir Litvin və tədbirlərdə iştirak edən digər nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur. Bu görüşlərdə ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
DOSTLARINLA PAYLAŞ: