Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Lvovda səfərdə olub
29 Dekabr 2011 Cümə Axşamı 16:20
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli dekabrın 27-də Lvov şəhərinə səfər edib.
Səfirlikdən APA-ya verilən məlumata görə, səfirin Lvov vilayəti dövlət administrasiyasının rəhbəri M. D. Kostyuk və Lvov şəhərinin meri A. İ. Sadovoy ilə görüşləri zamanı Lvov vilayəti ilə Azərbaycan arasında elmi, mədəni, iqtisadi əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
Səfər zamanı şəhər meriyasında təntənəli şəraitdə Lvovun ən nüfuzlu təhsil ocaqlarından olan Dövlət Bədən Tərbiyəsi Universitetinin qurucularından biri, tibb elmləri doktoru, professor, Ukraynanın əməkdar bədən tərbiyəsi və idman xadimi, həmyerlimiz Məmməd Cəfərova Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə verilmiş “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının şəhadətnaməsi və nişanı təqdim edilib. Azərbaycan Tibb Universitetinin məzunu olan professor Cəfərov 1946-cı ildən etibarən həyatını Lvov şəhəri ilə bağlayıb. O, Dövlət Bədən Tərbiyəsi Universitetinin anatomiya və biokimya kafedrasının yaradıcısı və uzun illər ərzində dəyişməz rəhbəri, fakültə dekanı kimi Ukraynada və bütünlükdə keçmiş SSRİ-də bədən tərbiyəsi və idmanın inkişafına əvəzsiz xidmətlər göstərib. Alimin qızı Cəvahir xanım Cəfərova da tanınmış həkim, ictimai xadim, Ukraynanın əməkdar həkimidir. 1986-cı ildən Lvov şəhər Knyaz Lev adına 1 saylı klinik xəstəxananın baş həkimi vəzifəsində çalışan C. Cəfərova Ukraynada ailə təbabətinin tətbiqinin təşəbbüskarı, ilk ailə təbabəti poliklinika və ambulatoriyasının yaradıcısıdır.
Səfər zamanı E. Mədətli Lvovdakı Azərbaycan icmasının təmsilçiləri ilə də görüşüb.
DOSTLARINLA PAYLAŞ: