Azərbaycanın Misirdəki səfirliyi erməni təxribatına cavab verib
28 İyun 2012 Cümə Axşamı 13:53
Ermənistanın Qahirədəki səfirinin məqaləsinə cavab olaraq bəyanat dərc olunub.
Ermənistanın Qahirədəki səfirinin məqaləsinə cavab olaraq Misirin geniş oxucu kütləsinə malik “Əl-Məsəiyyə” və “Əl-Youm Əs-səbi” qəzetlərində Azərbaycanın bu ölkədəki səfiri Ş.Abdullayevin “ATƏT və Minsk qrupu Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən Qarabağ münaqişəsinin həllinə nail ola bilmirlər” mövzusunda bəyanatı dərc olunub.

Səfirlikdən AzərTAc-a bildirilib ki, bəyanatda Ş.Abdullayev Ermənistanı beynəlxalq birliyin diqqətini ölkənin daxili problemlərindən yayındırmaq məqsədi ilə dezinformasiya yaymaqda ittiham etmişdir. Diplomat erməni tərəfinin bu addımının əsl məqsədinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların uzadılmasına xidmət etmək olduğunu vurğulanıb. İşğalçı ölkənin bu siyasəti nəticəsində ATƏT-in Minsk qrupunun münaqişənin danışıqlar yolu ilə nizama salınması istiqamətində göstərdikləri səylərin nəticə vermədiyi oxucuların diqqətinə çatdırılıb.

Səfir Azərbaycana qarşı etnik təmizləmə, ən qəddar cinayətlərlə müşayiət edilən təcavüzün həyata keçirilməsinə görə bilavasitə məsuliyyət daşıyan, habelə açıq irqçilik ideologiyasını yürüdən Ermənistanın öz cinayətlərini utanmadan və həyasızcasına inkar etdiyini bildirib. Bəyanatda, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinin beynəlxalq təşkilatların qərar və qətnamələri ilə dəstəkləndiyi xüsusilə qeyd edilmişdir. Bildirilmişdir ki, həmin sənədlərdə ölkəmizin ərazi bütövlüyü təsdiqlənmiş, işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması tələb edilmişdir. Qeyd edilmişdir ki, ermənilər həqiqətə uyğun olmayan və məntiqsiz dəlillər göstərməklə beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməkdən boyun qaçırmağa çalışmaqdansa həmin sənədlərin mətnlərini tam oxumalıdırlar.

Qoşulmama Hərəkatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyinə toxunan Ş.Abdullayev vurğulamışdır ki, Hərəkatın Əlaqələndirici Bürosunun mayın 7-dən 10-dək Şarm Əl-Şeyx şəhərində xarici işlər nazirləri səviyyəsində keçirilmiş iclasında ermənilərin cəhdlərinə baxmayaraq, iclasın yekun sənədində Ermənistanın münaqişə tərəfi kimi qəbul edilərək məsələnin beynəlxalq hüququnun prinsip və normaları, xüsusən də ölkələrin ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşılmasını tələb edilməsi əsasında tənzimlənməsinə çağıran bənd əks olunub.

Səfir bildirmişdir ki, 120 ölkənin xarici işlər nazirlərinin qərarını şübhə altına qoyan Ermənistan xarici işlər nazirinin isterika ilə dolu bəyanatı bu ölkənin beynəlxalq birliyin iradəsinə etinasızlığını üzə çıxarmışdır. Ermənistan öz ərazisində xarici ölkənin bazasının mövcudluğuna razılığını verməklə və hərbi blokun üzvü olmaqla Qoşulmama Hərəkatının fundamental prinsipini pozmuşdur.
Ş.Abdullayev Ermənistanın Qahirədəki səfirliyinin Azərbaycanın ərəb və İslam dünyası ilə əlaqələrinə xələl gətirmək məqsədi ilə ölkəmizlə İsrail arasında mövcud əlaqələri məqsədyönlü şəkildə daim qabartdığını vurğulamışdır. Eyni zamanda, Ermənistanın İsraildəki səfiri respublikamızın ərəb dünyası ilə 1400 illik tarixi bağladığını, o cümlədən Azərbaycan ilə ərəb və İslam ölkələri arasında daimi əsasda məsləhətləşmələrin və əlaqələndirmələrin aparıldığını unutmamalıdır. Ermənistandan fərqli olaraq, Ərəb-İsrail münaqişəsinə dair Azərbaycanın dəyişməz mövqeyi ərəb dünyasında yüksək təqdirlə qarşılanır. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyü ərzində sözügedən münaqişəyə münasibətdə tutduğu kursu davam etdirəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar