Azərbaycan və Çili Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
13 Avqust 2012 Bazar Ertəsi 13:09
Azərbaycan-Çili Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması məqsədilə Xüsusi Tapşırıqlar üzrə Səfir Yaşar Əliyev Çilinin paytaxtı Santyaqoya səfər edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı Y. Əliyev Çili xarici işlər nazirinin müavini Fernando Schmidt ilə görüşüb. Görüşdə Azərbaycan və Çili arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud potensial və perspektivlər barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycanın Buenos-Ayresdəki səfirinin Çiliyə, bu ölkənin Ankaradakı səfirinin isə Azərbaycana akkreditə olunmasını müsbət başlanğıc kimi qiymətləndiriblər.
Görüşdə, həmçinin, iki ölkə arasında əlaqələrin inkişafı üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin, müqavilə-hüquq bazasının genişləndirilməsinin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın aparılmasının, iqtisadi-ticarət, humanitar, mədəniyyət, təhsil sahələrində mübadilələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib.
Görüşün ardınca Çili XİN-in Çoxtərəfli Məsələlər üzrə Baş Direktoru Adolfo Garafi və İkitərəfli Məsələlər üzrə Baş Direktoru Rodrigo Gaete ilə Azərbaycan-Çili Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafı üçün gündəlikdə duran məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.
DOSTLARINLA PAYLAŞ: