Azərbaycan tolerantlıq, ideyalar və inanclar baxımından nadir ölkədir
17 Noyabr 2012 Şənbə 10:13
"Yaşıl həftə" çərçivəsində Ətraf Mühit və Sağlamlıq üzrə Avropa Nazirlər Şurasının üçüncü iclası keçirilib.
Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) əməkdaşlığı ilə həyata keçirilən "Yaşıl həftə" layihəsi çərçivəsində Ətraf Mühit və Sağlamlıq üzrə Avropa Nazirlər Şurasının üçüncü iclası keçirilib.
İclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi Leyla Əliyeva iştirak edib.
İclasda çıxış edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ölkəmizdə ekoloji durumun yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən danışıb, "Yaşıl həftə"nin də belə layihələrdən biri olduğunu bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi Leyla Əliyeva iclasda çıxış edib. Leyla Əliyevanın sözlərinə görə, son illər Azərbaycan əhəmiyyətli beynəlxalq məsələlərin müzakirə edildiyi qlobal forumlar məkanına çevrilib. "Ekologiya məsələlərində bizim cəhdlərimiz yaşıl inkişaf yolunda regional və beynəlxalq liderlərdən biri kimi düşüncələrimizi və mövqeyimizi əks etdirir. Azərbaycanda keçirilən "Yaşıl həftə" çərçivəsində "Beynəlxalq Gənclər Forumu", "Ekologiya diplomatiyası kursu", "Yaşıl iqtisadiyyat" mövzularında "dəyirmi masa"ları, həmçinin Qərbi Avropa regionundan kənar ilk dəfə olaraq Azərbaycanda "Regional məsləhətləşmə görüşü" keçirilib. UNEP və ölkə mütəxəssislərinin birgə təşkilatçılığı ilə Azərbaycan Şərqi Avropada "yaşıl iqtisadiyyat"ın tədqiqini öz üzərinə götürən və bu işi başa çatdıran ilk ölkədir. Mənim çıxışım ölkəmizin "yaşıl iqtisadiyyat"a keçid yolunda yeni inkişaf istiqamətini əks etdirir. Amma bu, tədqiqatın başa çatması, yolun bitməsi demək deyildir, bu yolda atılan növbəti addımdır. Bu il dünyada davamlı və bərabər inkişaf uğrunda qlobal cəhdlərin 20 illiyi qeyd edilir. Buna görə də ekoloji davamlılığı, "yaşıl iqtisadiyyat"ı, ekoloji sağlamlığı və ekoloji təhsili inkişaf etdirmək platformasını yaratmaq Azərbaycan üçün rəmzi hadisəyə çevrilib. Qonaqlar rəmzi olaraq insanların eyni ağacın budaqları olduğunu göstərən ağaclar əkərək Azərbaycanda keçirilən "Yaşıl həftə"nin böyük təsirini nümayiş etdiriblər. Əziz dostlar! Mənim Vətənim gözəl, ecazkar, daim başı qarlı dağlar, dik qayalar, sıx meşələr, çəmənliklər və ovalıqlar məkanı olmaqla yanaşı, onun olduqca mülayim təbiəti vardır", deyə o bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib ki, çıxışlarında daim Azərbaycanın möhtəşəm tarixi və fərqli mədəniyyəti, eyni zamanda, zəngin bioçeşidliliyə malik olmasına görə nə qədər şanslı olduğumuz barədə danışıb. "Mən hələ bir neçə həftə əvvəl Naxçıvanda çəkilmiş və bəbirin Avropaya qayıtması ümidlərimizi doğruldan şəkli görəndə keçirdiyim həyəcan hissini unutmamışam. Dünyaya nəzər saldıqca mən gələcək nəsil qarşısındakı öhdəliyimizin təbiətin qorunması ilə özünü göstərdiyini anlayıram. Biz ətraf mühiti gələcək nəsillərə bizim gördüyümüzdən daha yaxşı vəziyyətdə ötürəcəyik. Bizim "İDEA Yaşıl Azərbaycan naminə" təhsil və tərbiyə layihəmiz əhalinin ətraf mühitlə bağlı məlumatlandırılmasına, onların bu istiqamətdə nəzəri və praktiki biliklərini artırmağa yönəlib. Təşkilatın təlimçiləri Azərbaycanın 20-dən çox şəhərində, müxtəlif rayonlarında 8 min məktəbliyə ətraf mühitə ziyan vurmamaq davranışı qaydalarını öyrədiblər. Biz təbiətin qorunmasını ekoloji siyasətin ayrılmaz və əsas hissəsi hesab edirik. Azərbaycanda yaşayan 3 milyon gənc insanı təmsil edərək əkdiyimiz 3 milyon ağac xalqımızın diqqətini ekoloji məsələlərin həllinə yönəltmək üçün yaxşı nümunədir. Biz bir ölkənin təkbaşına həll etməsi üçün olduqca çətin, lakin təbiətdə əhəmiyyət verilməyən mürəkkəb problemlərlə qarşılaşırıq. Hazırda Azərbaycanın coğrafiyasını müəyyənləşdirəcək və dəyərlərimizə söykənən bir sıra layihələr üzərində çalışırıq. Həm keçmişimizə, həm də bu günümüzə nəzər salaraq deyə bilərik ki, Azərbaycan tolerantlıq, ideyalar, dialoqlar və inanclar baxımından nadir ölkədir. Azərbaycan tarixi "İpək yolu"nun əsas mərkəzi olduğu zamanlardakı kimi, biz indi də ölkələri "Qlobal yaşıl dəhliz" ətrafında birləşdirməyə çalışırıq. "Qlobal yaşıl dəhliz"in nadir konsepsiyası intellektual insanları və ekologiyanı müdafiə təşkilatlarını birləşdirməkdir. Daha sonra o, yerli təşkilat və idarələri bioçeşidliliyin qorunması və təbii sərvətlərin dayanıqlı idarə olunması naminə əməkdaşlığa sövq edəcəkdir. İnanırıq ki, dünyanın az karbonlu mühitə çevrilməsi və iqlim dəyişikliyinin ekoloji, ictimai və iqtisadi təsirlərinin qarşısının alınması üçün cəmiyyətin bütün sahələri hərəkətə keçəcəkdir", - o bildirib.
Leyla Əliyevanın sözlərinə görə, bəşəriyyətin əsas məqsədi indiki və gələcək nəsil üçün həyat şəraitinin inkişafını təmin etmək olmalıdır. "Mən ölkələri və dünyanı gəzdikcə gənclərin planetin təbii gözəlliyini qorumaq üçün nə qədər həvəsli olduğunun şahidi oldum. Buna görə də mən və həmkarlarım Cənubi Qafqazda daha çox yayılan beynəlxalq ekoloji hərəkatı, eyni zamanda, "Yaşıl həftə"nin əsas təşkilatçılarından biri olan İDEA kampaniyasını yaratdıq. İDEA tədbirləri çərçivəsində, biz uzunqanad quşların dəstələri üçün süni yuvalar yaratmışıq və bununla da Qız qalasında aparılan bərpa işləri zamanı təqribən 200 yuvanın yeri dəyişdirilib. İDEA kampaniyası, həmçinin Qafqazın böyük beşliyini təyin edib. Bunlar - ayı, qartal, canavar, ceyran və bəbirdir ki, əsas növlər sayılan bu heyvanların yaşadılması bizim başlıca vəzifəmiz kimi qəbul olunmalıdır", - İDEA təsisçısı deyib.
Onun sözlərinə görə, təkcə Azərbaycanda deyil, bütün dünyadakı gənclər arasında dialoq, təhsil, liderlik və əməkdaşlığı inkişaf etdirmək üçün biz dünyanın müxtəlif yerlərindən olan ekoloji qruplarla əlaqə yaratmışıq. Rusiyanın Beynəlxalq Vəhşi Təbiət Fondu ilə anlaşma memorandumu imzalanıb ki, bu da Qafqaz bizonunu İDEA-nın nəsli tükənənlər siyahısına salmağa imkan verdi. Biz indi Türkiyənin eyniadlı təşkilatı ilə oxşar hüquqi sənəd üzərində işləyirik. Bizim bugünkü görüşümüz eyni məqsədə - gənc nəsil üçün real dəyişiklik yaratmağa xidmət edir. Əziz dostlar! Biz bu həftə ərzində 25-dən çox ölkədən 50 nümayəndəni bir araya gətirmişik ki, bu da İDEA-nın "Bir dünya, bir gələcək" şüarının təcəssümüdür. Bu, həmçinin ekoloji vəziyyətlə bağlı bizim düşüncəmizi, davranışımızı və reallığı anlamağımızı əks etdirir. Bu il ani və ciddi ekoloji zərərlərə səbəb olan insan fəaliyyətlərinin tədris vasitəsilə qarşısının alınması üçün bir çox imkanlar əldə etmişik. Bir daha yadda saxlamalıyıq ki, biz mürəkkəb ekoloji problemləri gələcək nəsillərə ötürürük. Buna görə də, ən azından gələcək nəslə bu problemləri anlamaq və onları aradan qaldırmaq üçün əsas vasitələri bilmək imkanı yaratmalıyıq. Gələcəkdə Azərbaycanda İDEA kampaniyasının səyi ilə ətraf mühitlə bağlı fənlər məktəb proqramlarına daxil ediləcək, kampaniyanın ekologiya ilə bağlı hazırladığı vəsait orta məktəblərdə seçmə fənn kimi tədris olunacaqdır. Müzakirələr, praktiki işlər vasitəsilə şagirdlər təbiətə dəyər verməyi və onu qorumağı öyrənəcəklər", - Leyla Əliyeva bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidentinin sözlərinə görə, XXI əsrdə biz daha ciddi ekoloji problemlərlə qarşılaşırıq. "Lakin bu problemlərin aradan qaldırılması üçün daha yaxşı prinsiplər vardır. Hər bir vətəndaş, hər bir cəmiyyət və hər bir ölkə mövcud həqiqəti göstərməlidir ki, fəaliyyət imkanı yarandıqda dünyanın müxtəlif yerlərindən milyardlarla olmasa da, milyonlarla insan ekoloji pozulma və çirklənmənin sona çatdığını görsün. Gündəliyimizdə vacib məsələlər çoxdur və mən ümid edirəm ki, müzakirələrimiz yazılı siyasi sənədlərin, nizamnamələrin və müqavilələrin yaranması ilə nəticələnəcəkdir. "Yaşıl həftə" iştirakçılarını göstərdikləri böyük maraq və həvəsə, qloballaşan dünyada ekoloji problemlərin həlli üçün yeni yollar axtarmaq cəhdlərinə görə alqışlayır, "Yaşıl həftə"nin təşkili və həyata keçməsində zəhmət çəkən bütün insanlara təşəkkürümü bildirirəm. Azərbaycanda keçirilən "Yaşıl həftə" layihəsinin sonuncu olmayacağına, əksinə irimiqyaslı və qlobal məlumatlılıq kampaniyasının, uğurlu iş fəaliyyətinin başlanğıcı olacağına ümid edirəm", - Leyla Əliyeva bildirib.
İclasda çıxış edən Dünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Zsuzsanna Jakab insanların sağlam həyat tərzi keçirməsinin vacib şərt olduğunu vurğulayıb. Z. Jakab bildirib ki, insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün "yaşıl iqtisadiyyat" dayanıqlı inkişafa söykənməlidir.
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) regional direktoru Jan Dusik və digər çıxış edənlər isə Azərbaycanın regionda lider dövlət kimi "yaşıl iqtisadiyyat"ın inkişafında mühüm rol oynayacağını bildiriblər. Natiqlər ətraf mühitin qorunması, yaşadığımız dünyanın gələcək nəsillər üçün təhlükəsiz məkana çevrilməsi baxımından hər birimizin üzərinə ciddi məsuliyyət düşdüyünü vurğulayıblar.
İclas işini müzakirələrlə davam etdirib.
DOSTLARINLA PAYLAŞ: