Azərbaycan səfiri etimadnaməsini Sudan prezidentinə təqdim edib
08 Dekabr 2012 Şənbə 03:06
Ömər Əl-Bəşər: "Azərbaycan və Sudanın sənaye-ticarət, mədəniyyət, elm və təhsil sahələrində əlaqələrinin inkişafı üçün böyük potensial var".
Azərbaycanın Misirdəki, eyni zamanda, Sudan Respublikasında akkreditə olunan səfiri Şahin Abdullayev etimadnaməsini Sudan prezidenti Ömər Əl-Bəşərə təqdim edib. Bu barədə məlumat ANS PRESS-ə Azərbaycanın Misirdəki səfirliyindən daxil olub.

Etimadnaməni qəbul edən Sudan prezidenti Ömər Əl-Bəşir salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib. Dost ölkə olan Azərbaycan ilə Sudan arasında dərin tarixi əlaqələrin olduğunu deyən prezident Ömər Əl-Bəşir iki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olan qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu vurğulayıb.

Ömər Əl-Bəşir ölkələrimiz arasında sənaye-ticarət, mədəniyyət, elm və təhsil sahələrində əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edərək, birgə səylərlə bu kimi imkanların araşdırılmasının vacibliyini vurğulayıb.

Səfir Şahin Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdıraraq, Azərbaycanın xarici siyasətində ərəb-İslam dünyası, o cümlədən Sudan ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb.

Şahin Abdullayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə Sudan tərəfinə təşəkkürünü ifadə edib.

Prezident Ömər Əl-Bəşir iki dost ölkə arasında əlaqələrin inkişafı naminə Şahin Abdullayevə diplomatik fəaliyyətində uğurlar arzulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar