Rəsmi Bakı Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə yayılan məlumatlara münasibət bildirib. Xarici işlər nazirinin müavini Araz Əzimov jurnalistlərə müsahibəsində bəyan edib ki, hər bir dövlətin suveren hüquqları var və Azərbaycan başqa dövlətlərin işlərinə qarışmır. Onun sözlərinə görə, Türkiyənin Azərbaycanla strateji əlaqələrinin möhkəmliyini hər kəs həmişə təsdiq edib: «Rəsmi Bakı, sərhədlərin açılması ilə bağlı öz mövqeyini bildirib. Hər zaman dediyimiz kimi, Azərbaycan hesab edir ki, sərhədlərin açılması yalnız münaqişənin həlli kontekstində o prosesin inkişafı ilə bağlı olaraq edilə bilər. Biz bunu müzakirə edə bilərik. Eyni zamanda kontekstdən ayrı olaraq belə bir qərarın qəbul edilməsi Azərbaycanın maraqlarına zidd olduğundan bizim tərəfimizdən qəbul edilməyəcək. Biz Türkiyə tərəfinə də bu mövqeyimizi çatdırmışıq».
Araz Əzimov Türkiyə prezidenti və baş nazirinin sərhədlərin açılmayacağı barədə bəyanatlarının da nəzərə alınmalı olduğunu qeyd edib. /ANS TV/