ATƏT Laçın dəhlizində ölçmə işlərini bitirib
21 Noyabr 2009 Şənbə 13:20
Türkiyə Ermənistanla münasibətlərin normallaşmasının sürətlənməsi üçün Minsk Qrupuna 3 mesaj verib
Laçın dəhlizi məsələsində müsbət addımlar atılıb. Türkiyənin "Hüriyyət" qəzetinin yazdığına görə, ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupu (ABŞ, Rusiya, Fransa) Ermənistan ilə Dağlıq Qarabağı bir-birinə bağlayan bu dəhlizdə texniki araşdırma işlərini başa çatdırıb.
Türkiyə Xarici İşlər Nazirliyindən qəzetə bildirilib ki, Minsk Qrupu rəsmi Ankaraya, artıq bu istiqamətdə işlərin bitdiyi, müsbət istiqamətdə irəliləyişlərin olması barədə mesaj göndərib.
Qəzet müsbət mesajın detallarının önümüzdəki günlərdə dəqiqləşməsini gözləyən rəsmi Ankaranın, Türkiyə-Ermənistan arasında münasibətlərin normallaşması müddətinin daha da sürətlənməsi üçün Minsk Qrupuna aşağıdakı mesajları verdiyini yazıb:
1. Ermənistan, Dağlıq Qarabağ ətrafında işğal etdiyi 7 rayondan (Kəlbəcər, Laçın, Qubadlı, Füzuli, Zəngilan, Ağdam, Cəbrayıl) geri çəkiləcək və bu bölgələrə yenidən azərbaycanlı məcburi köçkünlər məskunlaşacaq.
2. Rayonların beynəlxalq miqyasda təhlükəsizliyi və statusu üçün danışıqlar aparılacaq.
3. Dağlıq Qarabağın gələcəyi və statusu nəzərə alınmamaqla, bu zamana qədər əldə edilən razılıqlarla əlaqədar bir "Ara razılaşması-İnterim Agreement" imzalanacaq.
Türkiyə mətbuatının yazdığına görə, bütün bu məsələlər önümüzdəki həftə iki ayrı görüşdə müzakirə ediləcək. Noyabrın 22-də Almaniyanın Münhen şəhərində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün növbəti dəfə görüşəcəklər. Bu görüş Fransanın Münhen şəhərindəki baş konsolluğunda keçiriləcək.
Daha sonra Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu, 1-2 dekabr tarixlərində Afinada təşkil ediləcək ATƏT zirvəsi çərçivəsində erməni həmkarı Edvard Nalbandyanla bir araya gələcək. Dekabrın ortalarında isə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Ankaraya səfəri gözlənilir.
Xatırladaq ki, ATƏT-in nümayəndə heyətinin sentyabrın ikinci yarısında Laçın dəhlizinə səfər edəcəyi ilə bağlı məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, missiya Laçın dəhlizində ölçmə işləri aparacaq və səfərin nəticəsi haqqında hesabat hazırlayaraq ATƏT-in Minsk qrupuna təqdim edəcək. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov isə bu məsələyə münasibət bildirərkən deyib ki, ATƏT missiyasının Laçın dəhlizində ölçmə işləri aparması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin tərkib hissəsidir.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: