ATƏT baş katibinin Azərbaycana səfəri başlayıb
08 İyul 2012 Bazar 17:54
Lamberto Zanyeri: Azərbaycanla ATƏT arasında əməkdaşlığın bütün spektrləri üzrə müzakirələr aparacağıq.
ATƏT-in baş katibi Lamberto Zanyeri Azərbaycana gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda APA-ya açıqlama verən baş katib səfər çərçivəsində Azərbaycanla ATƏT arasında əməkdaşlığın bütün spektrləri üzrə məsələlərin müzakirə olunacağını deyib.

“ATƏT-in Minsk qrupu 20 il ərzində münaqişənin tənzimlənməsi istiqamətində uğur əldə edə bilməyib. Son vaxtlar isə Avropa Birliyi Azərbaycan və Ermənistan arasında etimad mühitinin yaranması işinə töhfə vermək üçün müəyyən addımlar atacağını bildirir. ATƏT-in buna münasibəti necədir” sualına baş katibin cavabı belə olub: “Münaqişə tərəfləri arasında etimad mühitinin yaranması istiqamətində atılan bürün addımlar müsbət qarşılanmalıdır”.

L. Zanyeri müxtəlif məsələlərlə bağlı konkret fikirlərini Bakıda keçiriləcək mətbuat konfransında açıqlayacağını da bildirib.

Qeyd edək ki, səfər zamanı L. Zanyerinin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, xarici işlər naziri Elmar Məmmədyarov və Milli Məclisin sədr müavini Ziyafət Əsgərovla görüşləri nəzərdə tutulur.

ATƏT-in baş katibi və Azərbaycan XİN başçısının görüşündən sonra mətbuat konfransı keçiriləcək.

L. Zanyeri Azərbaycana regiona səfəri çərçivəsində gəlib. Səfərinə Azərbaycandan başlayan baş katib daha sonra Gürcüstan və Ermənistana gedəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar