Argentinanın xarici işlər nazirinin Azərbaycana səfəri başlayır
03 İyul 2012 Çərşənbə Axşamı 02:49
Nazir Hektor Timerman və dövlət katibi Giullermo Morenonun Azərbaycan rəsmiləri ilə görüşləri olacaq.
Argentinanın xarici işlər və etiqad naziri Hektor Timermanın Azərbaycana səfərinin proqramı açıqlanıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu gün Hektor Timermanın və daxili ticarət üzrə dövlət katibi Giullermo Morenonun rəhbərliyi ilə Argentinanın nümayəndə heyəti Azərbaycana ikigünlük səfərə gələcək.
Argentinanın nümayəndə heyətinə ölkənin xarici ticarət üzrə dövlət katibi Beatriz Paglieri, La Rioja əyalətinin qubernatoru Luis Beder Herrera, beynəlxalq iqtisadi əlaqələr və ticarət üzrə dövlət katibinin müavini Carlos Bianco, kənd təsərrüfatı üzrə dövlət katibinin müavini Marcelo Yasky, heyvandarlıq üzrə dövlət katibinin müavini Alejandro Lotti, Argentina XİN-in, iqtisadi yönümlü nazirlik və dövlət təşkilatlarının, müxtəlif əyalətlərin nümayəndələri, habelə çoxsaylı iş adamları daxildir. Son illər intensiv inkişaf dövrü yaşayan Azərbaycan-Argentina əməkdaşlığı çərçivəsində həyata keçirilən bu səfərin məqsədi ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsinə, xüsusilə də iqtisadi-ticarət əməliyyatlarının və sərmayələrin təşviqinə təkan verməkdir.
Səfər çərçivəsində nazir H.Timermanın və dövlət katibi G.Morenonun Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Onlar Azərbaycan-Argentina biznes forumunun rəsmi açılış mərasimində iştirak edəcəklər.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Argentinanın Xarici İşlər Nazirliyinin və Ticarət Katibliyinin birgə təşkilatçılığı ilə iyulun 3-4-də keçiriləcək biznes forum çərçivəsində bir sıra görüşlər keçiriləcək. Görüşlərdə iki ölkənin şirkətləri arasında ticarət, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa, habelə birgə istehsal, sərmayə və xidmətlər üzrə müştərək müəssisələrin yaradılmasına dair məsələlər müzakirə olunacaq.
Biznes forumda Argentinanın ticarət missiyasına kənd təsərrüfatı texnologiyaları, ərzaq məhsullarının istehsalı texnologiyaları, aqrokimya, xəstəxana ləvazimatları, neft, sənaye cihazları, avtomobil, məişət texnikası, inşaat, mebel, təmizlik ləvazimatları, kosmetika, ayaqqabı və dəri məhsulları, tekstil və s. sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak edəcəklər.
DOSTLARINLA PAYLAŞ: