Argentina prezidenti Elmar Məmmədyarovu qəbul edib
27 İyul 2012 Cümə 13:29
Xarici işlər naziri prezident İlham Əliyevin Azərbaycana dəvət məktubunu Kristina Fernandez de Kirçnerə təqdim edib.
Argentina Prezidenti Kristina Fernandez de Kirçner Argentinada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Argentina prezidenti son illər iki ölkə arasında əməkdaşlığın dinamik inkişafından məmnun olduğunu qeyd edib və Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Qəbula görə təşəkkürünü bildirən nazir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Argentina dövlət başçısına çatdırıb və prezidenti tərəfindən argentinalı həmkarına ünvanlanmış Azərbaycana rəsmi səfərə dəvət məktubunu təqdim edib.
Öz növbəsində Prezident Kirçner də salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib və dəvəti məmnuniyyətlə qəbul etdiyini vurğulayıb.
Nazir Elmar Məmmədyarov ölkəmizin son illər ərzində əldə etdiyi yüksək iqtisadi nailiyyətlər, inkişaf strategiyası, regional inkişaf və əməkdaşlıqdakı rolu, beynəlxalq nüfuzunun güclənməsi, xarici siyasət prioritetlərindən, eləcə də Latın Amerikası ölkələri ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olmasından danışıb.
Görüşdə həmçinin, səfər çərçivəsində tərəflər arasında razılaşdırılmış əməkdaşlıq istiqamətləri, qarşılıqlı planlaşdırılan səfərlər, o cümlədən iki ölkə arasında yaradılacaq hökumətlərarası iqtisadi komissiyanın məqsədləri və bunun üçün atılacaq addımlar barədə geniş fikir mübadiləsi aparılıb
DOSTLARINLA PAYLAŞ: