Andres Herkelin səlahiyyət müddəti başa çatır
05 Aprel 2010 Bazar Ertəsi 15:50
Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin səlahiyyət müddəti başa çatır.
APA-nın məlumatına görə, bu barədə Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

S. Seyidov bildirib ki, A. Herkelin məruzəçi kimi səlahiyyət müddəti başa çatdığı üçün o, yeni məruzəçi ilə əvəzlənəcək. Yeni məruzəçinin müəyyənləşməsinin Avropa Şurasının səlahiyyətində olduğunu deyən nümayəndə heyətinin rəhbərinin sözlərinə görə, təyinatın AŞ PA-nın iyun sessiyasından sonra olacağı gözlənilir.

«Azərbaycan üzrə yeni məruzəçinin kim olacağını indidən demək mümkün deyil. Bu, Avropa Şurasının səlahiyyətində olan məsələdir. İstəyirik ki, yeni məruzəçi öz işini yüksək səviyyədə həyata keçirsin. Bu şəxs Avropa Şurasının dəyərlərini həyata keçirməklə yanaşı, öhdəliklərin icrasını monitorinq edir. Məruzəçi ölkənin daxili işlərinə qarışmamalı, hansısa tərəf tutmaqdan uzaq olmalıdır. Ümid edirik ki, belə də olacaq», - deyə S. Seyidov bildirib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar