AMİP sədri Yusif Bağırzadə İctimai Palatanın Koordinasiya Şurasının iclasına qatılmayıb
18 Aprel 2011 Bazar Ertəsi 16:28
İctimai Palatanın aprelin 23-nə təyin olunmuş sessiyası aprelin 29-na təxirə salınıb.
Bu gün Müsavat Partiyasının qərargahında İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) növbədənkənar iclası keçirilib. KŞ üzvü Vidadi Mirkamalın APA-ya verdiyi məlumata görə, iclasda aprelin 17-də keçirilmiş aksiyanın nəticələri, bu kontekstdə ölkədəki ictimai-siyasi durum və digər məsələlər müzakirə olunub. İP KŞ aprelin 17-nə təyin olunmuş aksiyanı baş tutmuş hesab edib.

Qərara alınıb ki, aprelin 23-də keçirilməli olan İP-nin sessiyası aprelin 29-na təyin olunsun. Sessiyada növbəti aksiya bağlı İP KŞ-nın təklifləri müzakirə olunaraq müvafiq qərar qəbul olunacaq. Aprelin 23-də isə Müsavat Partiyasının qərargahında dəyirmi masa keçiriləcək. Tədbirdə İP KŞ üzvləri ilə yanaşı, hüquq müdafiəçiləri və hüquqşünaslar iştirak edəcək.

Bugünkü iclasda İP-nin Qadınlar Şurasının yaradılması, qurumun sədrinin isə AXCP sədrinin müavini Gözəl Bayramlının təyin olunması da qərara alınıb.

V. Mirkamal bu gün keçirilən iclasda İP KŞ üzvü, AMİP sədri Yusif Bağırzadənin iştirak etmədiyini də əlavə edib. Belə ki, Y. Bağırzadə AMİP Siyasi Şurasının iclası keçiriləcəyini əsas gətirərək üzrxahlıq edib və iclasa qatılmayıb. Bununla yanaşı, V. Mirkamal AMİP-in bir sıra üzvlərinin İP-ə mənfi münasibətindən xəbərdar olduqlarını da bildirib: “Hazırda AMİP-in İP-dən çıxma məsələsi yoxdur. Ümumiyyətlə bu məsələ AMİP-in daxili məsələsi, diskussiyasıdır. Hesab edirik ki, AMİP özü bu məsələni normal, sivil qaydada həll edəcək”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar