Akif Muradverdiyev beyanat yayıb
13 Avqust 2013 Çərşənbə Axşamı 16:44
Akif Muradverdiyev: Oxuyanda ki, men Eldar Namazovun guya Eldar Hesenovla görüşüb danışmaqları barede ifade vermişem, çox xecalet çekdim.
Prezidentin sabiq işlər müdiri, qaçaqmalçılıq ittihamı ilə Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanan Akif Muradverdiyevin bəyanatı yayılıb. ANS PRESS-in məlumatına görə, avqustun 13-də Muradverdiyevin vəkili Fuad Ağayevin “Facebook” səhifəsində yaydığı bəyanatda deyilir:
- Bu gün internetdə 12 avqust 2013-cü ildə yayılmış bir məqalə ilə tanış oldum. Mənim haqqımda, başqa insanlarla münasibətlərim barədə həqiqətdən uzaq fikirlər yayıldığından bunlara aydınlıq gətirmək məcburiyyətindəyəm.
Eldar Namazovla uzun illər birlikdə işləmişik. Son il yarımda onunla bir neçə dəfə görüşmüşəm. Ona baş vermiş ağır itki ilə əlaqədar 7-8 dəfə yas məclisində iştirak etmişəm. Elə olub ki, bir neçə dəfə də yemək yemişik. O mənə öz siyasi fəaliyyətindən də danışıb, iştirak etdiyi təşkilatlarda təmsil olunmağı təklif edib, demişəm ki, siyasətlə məşğul olmaq istəmirəm, Bakıdan çıxıb gedirəm. Son iki görüşümüzdə məndən xahiş edib ki, oğlunun işə düzəlməsinə kömək göstərim, demişəm öz övladlarıma iş axtarıram. Yeri gəlmişkən, onlar bu günə kimi işsizdirlər...
Telman İsmayılovu mən o hələ Bakıda “İnturist” mehmanxanasında işlədiyi dövrlərdən tanıyıram, prezident İlham Əliyevə böyük hörməti var. Son bir ildə onunla iki dəfə görüşmüşəm. Öz işlərimə kömək etməsini xahiş etmişəm.
Abbas Abbasovla 2009-cu ildə 5 dəqiqə yas mərasimində, bir də 2013-cü ilin mayında təsadüfən görüşmüşəm. O, Vladimir şəhərinə tələsdiyini deyərək əlavə etdi ki, Akif, sənə qarşı olan haqsızlığı indi mənə qarşı döndəriblər, ancaq bilsinlər ki, biz Heydər Əliyevin oğlanlarıyıq, İlham Əliyevin də qardaşları. Bundan sonra mən Moskvada olmamışam.
O ki qaldı “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərova, ona böyük hörmətim var. Onunla 2003-cü ilin dekabr ayında görüşmüşəm. Sonra onu heç televizor kanalında da görməmişəm.
Rüstəm İbrahimbəyovla ömrümdə 3-4 dəfə üzbəüz gəlmişəm. Sonuncu dəfə onunla Şeremetyev hava limanında pasport keçidində təsadüfən görüşdüm. O, əvvəlcə məni heç tanımadı, özümü təqdim etdikdən sonra xatırladı. Onun siyasi fəaliyyəti barədə mətbuat səhifələrində oxumuşam.
Oxuyanda ki, mən Eldar Namazovun guya Eldar Həsənovla görüşüb danışmaqları barədə ifadə vermişəm, çox xəcalət çəkdim. Açığı, mənim adımdan bu boyda yalan yazılması ikrah hissi doğurur. Mənim ümumiyyətlə belə bir məlumatım olmayıb, Eldar Həsənovu isə 2004-cü ildən sonra görməmişəm.
O ki qaldı mənim Moskvaya gedib-gəlmək xərclərimi Eldar Namazovun ödəməsinə, onunla bir hoteldə qalmağımıza, mən son ildə 4 dəfə Moskvada olmuşam, heç zaman da mehmanxanada qalmamış, qohumumun mənzilində yaşamışam.
Sonda qeyd etmək istəyirəm ki, mənim Azərbaycan Respublikası prezidentinin işlər müdiri vəzifəsində çalışdığım illərdə Moskvada vəzifədə olanların heç biri Prezident Aparatında işləmir, Moskvada Prezident Administrasiyasında işləyən Volodin adlı adamla nəinki əlaqəm yoxdur, onun hansı vəzifədə çalışdığını da sözügedən məqalədən bilmişəm.
DOSTLARINLA PAYLAŞ: