Abel Məhərrəmov Ukraynanın Azərbaycandakı səfirini qəbul edib
03 Noyabr 2011 Cümə Axşamı 13:50
Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonu qəbul edib.
BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, rektor Abel Məhərrəmov Azərbaycanla Ukrayna arasında qardaşlıq, dostluq əlaqələrinin mövcudluğundan danışıb, universitetin tarixi, bu günü barədə məlumat verib. Ötən həftə Ukraynanın Kiyev şəhərində keçirilən “MDB-yə üzv olan ölkələrin elm və yaradıcı ziyalılarının VI forumu” çərçivəsində Avrasiya Universitetləri Birliyi və Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının birgə iclasında iştirakına toxunan akademik Abel Məhərrəmov bu tədbirin iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından çox önəmli olduğunu qeyd edib.
Aleksandr Mişenko BDU-nun təhsil və elm sahəsindəki böyük təcrübəsi barədə məlumatı olduğunu bildirib. Ölkəsinin ali məktəbləri haqqında ətraflı danışan səfir Ukrayna universitetləri ilə BDU arasında bir çox sahələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
DOSTLARINLA PAYLAŞ: