Xızıda Müalicə-Diaqnostika Mərkəzi açıldı
19 İyul 2011 Çərşənbə Axşamı 17:17
Xızıda Müalicə-Diaqnostika Mərkəzinin açılış mərasimində prezident İlham Əliyev iştirak edib.
Bu gün Prezident İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Müalicə-Diaqnostika Mərkəzinin açılışında iştirak edib. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlət başçısına məlumat verib ki, şirkət tərəfindən inşa olunan bu müasir səhiyyə ocağı dördmərtəbəli əsas korpusdan və yardımçı binalardan ibarətdir.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdikdən sonra mərkəzlə tanış olub. Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb. Prezidentə məlumat verilib ki, burada əsas korpusda regional və yerli konfransların, müxtəlif tədbirlərin keçirilməsi üçün 155 nəfərlik akt zalı inşa olunub.

Mərkəzdə qəbul və hemodializ, əməliyyat bloku, stasionar və reanimasiya şöbələri, konsultativ diaqnostika poliklinikası var. Müayinə və müalicəni daha da sadələşdirmək məqsədilə qəbul və hemodializ şöbələri birinci, konsultativ diaqnostika poliklinikası ikinci, stasionar və reanimasiya şöbələri isə üçüncü mərtəbədə yerləşdirilib. Hemodializ şöbəsində beş hemodializ aparatı quraşdırılıb. Onlardan biri ayrıca otaqda qoyulub və infeksion xəstələr üçün nəzərdə tutulub. Şüa-diaqnostika şöbəsi kompyuter tomoqraf və rentgen aparatları ilə təchiz olunub. Konsultativ diaqnostika poliklinikasında bütün növ xəstəliklərin müayinəsi və müalicəsi üçün kabinetlər yaradılıb. Endoskopik kabinet tibbin ən son nailiyyətlərinin məhsulu olan fibroqastroskop və kolonoskopla təchiz olunub.

Mərkəzin laboratoriyasında biokimyəvi, mikrobioloji, hematoloji və immunoloji-seroloji analizlərin aparılması mümkündür. Stasionar şöbədə hər biri iki çarpayılıq 10 palata var. Əməliyyat blokunda xaricdə istehsal olunan yüksək keyfiyyətli tibbi avadanlıq quraşdırılıb.
Mərkəzdə 205 nəfər daimi işlə təmin ediləcək.

Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirən Prezident İlham Əliyev əhaliyə yüksək tibbi xidmətin göstərilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verib. Müalicə-Diaqnostika Mərkəzi ilə tanışlıqdan sonra dövlətimizin başçısı səhiyyə ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Daha sonra Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Xızı rayon təşkilatının yeni inşa olunmuş inzibati binasının açılışında iştirak edib. Ümumi sahəsi 120 kvadratmetrə yaxın olan inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini, o cümlədən YAP-la bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılıb. 50 nəfərlik iclas zalı, bütün otaqlar lazımi avadanlıqla təchiz olunmuş, təşkilatın daha səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Yeni binada istilik sistemi də quraşdırılıb, ətraf ərazidə yaşıllıq zolağı salınmış, dekorativ ağaclar əkilib. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib, tövsiyə və tapşırıqlarını verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar