Şalfey marixuanadan daha güclü narkotikdir
14 Dekabr 2010 Çərşənbə Axşamı 12:20
Bu bitki ciddi psixi problemlərin yaranmasına gətirib çıxara bilər
Şalfey (Salvia divinorum) marixuanadan daha güclü narkotik vasitədir. "The Telegraph" qəzetinin yazdığına görə, bu iddia ilə Böyük Britaniyanın Hartfordşir universititetinin (University of Hertfordshire) professoru Fabritsio Şifanon çıxış edib.
Dünyanın bir neçə ölkəsində şalfeyin satışı qadağan edilsə də, bir çox dövlətlərdə bu bitkini əldə etmək mümkündür. Bitki bəzi xüsusi mağazalarda internet vasitəsilə satılır. Bitkinin satıcıları və istifadə edənlər onun aludəçilik yaratmadığını və beynə ziyan vurmadığını iddia edirlər. Ancaq alimlər bununla razı deyillər. Araşdırmalar göstərib ki, şalfey ciddi psixi problemlərin yaranmasına səbəb ola bilər. Onun tərkibində xüsusilə hallyusinasiya (qarabasma) yaranmasına səbəb olan aktiv maddələr var. Professor Fabritsio Şifanonun sözlərinə görə, bu, bəzi zəif insanlarda psixi xəstəliyin başlanğıcı ola bilər.
Ötən il yalnız 18-23 yaş arası britaniyalıların 3 faizi şalfeydən istifadə edib. Bu demək olar ki, ekstazi həblərindən istifadə edənlərin sayından artıqdır.
Bitkinin satışı Avstraliya, Belçika, Danimarka, Estoniya, Finlandiya, İtaliya, Yaponiya, İspaniya, İsveç, o cümlədən ABŞ-ın 13 ştatında dayandırılıb və ya məhdulaşdırılıb.
DOSTLARINLA PAYLAŞ: