Uşaqlar çox vaxt qarpızdan zəhərlənir
06 Avqust 2014 Çərşənbə 00:04
Səyyar yol satıcılarından alınan qarpız valideynlərlə yanaşı, ailənin 5 azyaşlı üzvünün də zəhərlənməsinə gətirib çıxarıb.
Qidadan zəhərlənmə halları tək böyüklər arasında deyil, azyaşlılar arasında da geniş yayılıb.

ANS TV-nin məlumatına görə, xüsusilə isti yay mövsümündə bu hal daha çox müşahidə olunur. Azyaşlılar arasındakı zəhərlənmələr əsasən qarpız və ət məhsullarından, yəni kolbasadan baş verir. Tək mövsüm başlayandan bu günədək 30-dan çox bu cür zəhərlənmə faktı qeydə alınıb. Zəhərlənənlər Kliniki Tibbi Mərkəzin Toksikologiya və Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov zəhərlənmələrin əsasən qarpızdan baş verdiyini, ona görə də zərərçəkənlərin qidalanma və yoluxucu xəstəliklər şöbəsinə yerləşdirildiyini deyir.

Son günlər uşaqlar arasında kolbasadan zəhərləmə halları da geniş yayılıb. Tibbi ekspertlər bunu onunla əlaqələndirirlər ki, ət məhsulları xüsusilə də kolbasaların saxlanma prinsipləri pozulanda onlarda mikroblar üçün əlverişli şərait yaranır. Hələ bu cür məhsullar başqa bir qida ilə qəbul olunarsa, o zaman təhlükə daha da artır.

Həkim Adil Qeybullanın fikrincə, uşaqların qidalanmasına xüsusi diqqət göstərmək lazımdır. Çünki onların orqanizmi zəif olur və hər hansı bir mənfi reaksiyaya dözümlü deyil.

Respublika Gigiyena və Epidemialogiya Mərkəzinin qidalanma şöbəsinin müdiri İmran Abdullayev mövsümlə əlaqədar qarpızdan zəhərlənmə hallarının artdığını, hətta bir müddət əvvəl Sumqayıtda bir ailənin 7 üzvünün qarpızdan zəhərlənərək xəstəxanaya yerləşdirildiyini bildirdi.

Səyyar yol satıcılarından alınan qarpız valideynlərlə yanaşı, ailənin 5 azyaşlı üzvünün də zəhərlənməsinə gətirib çıxarıb.

Şöbə müdiri onu da əlavə etdi ki, zəhərlənməyə səbəb olan bu və ya digər qida məhsullarından laborator analizlər üçün artıq nümunələr də götürüblər. Hər halda böyüklər özlərinin də, elə uşaqların da nə yeyib-içdiyinə fikir verməlidirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar