ABŞ-da xərçəng xəstəliyinin müalicəsi tapılıb?
13 Avqust 2011 Şənbə 23:17
Xəstələrdən xərçəngi öldürən T hüceyrəsi alınır, sonra bu hüceyrələrin öldürücülük qabiliyyəti artırılıb xəstəyə köçürülür
Amerika tədqiqatçıları qan xərçənginin müalicəsində irəliləyiş əldə ediblər. Pensilvaniya Universitetinin professoru doktor Devid Porterin rəhbərlik etdiyi tədqiqatçıların üç leykemiya xəstəsinin üzərində apardığı təcrübələri ürəkaçan nəticə verib. Alimlər hesab edirlər ki, bu təcrübələrin nəticələri xərçəngin müalicəsində tətbiq edilə bilər.

"Uzun müddətdir ki, biz bu ideya üzərində düşünürdük. İdeya belədir ki, biz xəstələrdən qanda xərçəngi öldürücü T hüceyrəsi olan immun hüceyrəsi alırıq. Daha sonra bu hüceyrələri laboratoriyada genetik olaraq dəyişdirərək onların öldürücülük qabiliyyətini artırıb yenidən xəstənin bədəninə köçürürük",- deyə Devid Porter bildirir.

T hüceyrəsi limfasit kimi tanınan ağ qan hüceyrə qrupuna aid olub, immunitetin təmin olunmasında mühüm rol oynayır. Ümumilikdə bu hüceyrələr bədəndə xarici orqanizmləri tanımaq və onları zərərsizləşdirmək üçündür. İndi əsas məsələ onların xərçəng hüceyrələrini tanımasına nail olmaqdır. Buna görə də, alimlər həyata keçirdikləri tədqiqatda adıçəkilən T hüceyrəsinə sağaldıcı genlər daxil edirlər. Belə ki, qanında genetik baxımdan dəyişmiş bu hüceyrə xəstəlik törədicisi olan xərçəng hüceyrələrini əhəmiyyətli dərəcədə azaldır və yox edir.

Xatırladaq ki, 3 xəstə üzərində aparılan bu tədqiqatın nəticəsində iki xəstə tamamilə xərçəng hüceyrələrindən xilas olub. Birində isə nəticələr 70 faiz uğur əldə edib. Bütün bunlara baxmayaraq, xəstələr alimlər tərəfindən tamamilə müalicə olunmuş hesab edilmirlər. Belə ki, onların qanında leykemiya tapılmasa da, müalicə davam etməlidir. Çünki xəstəlik uzun illər ərzində gizli davam edə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar