Su təmizləmə filtrləri təhlükə mənbəyidir
09 May 2011 Bazar Ertəsi 05:07
Su təmizləmə filtrləri təhlükə mənbəyidir. Suyun tərkibini təmizləyən bu cihazlar nəyin xeyir, nəyin ziyan olduğunu ayıra bilmir.
Məlum olub ki, evlərdə istifadə olunan su filtrləri təhlükə mənbəyidir. Bu filtrlər mikroblarla yanaşı suda olan və insan bədəni üçün labüd olan mineraları yox edir. Mütəxəssislər içməli su üçün belə filtrlərdən istifadə etməyi məsləhət görmür.

Türkiyə “9 Eylül” universiteti, Tibb fakultəsinin akademiki Əhməd Soysal suda insan vücudu üçün həyati funksiyaya sahib olan kalsium, potasium, maqnezium, fosfor, sodium, dəmir, mis və sink kimi minerallar olduğunu, bir çox su filtrinin bu mineralları da yox etdiyini deyib. “Yəni insanlar qaş düzəltdikləri yerdə göz çıxarırlar. Belə suyun insana heç bir xeyri yoxdur”.

Bu filtrlərin müəyyən periodlarla açılıb təmizlənməli və içindəki kimyəvi elementlərin yenilənməli olduğunu deyən Soysal çox vaxt buna diqqət edilmədiyini bildirib: “Bu cihazlar bəzən lazımi qaydada, çox vaxt da heç təmizlənmir. Suyu kimyəvi olaraq təmizlədiyi iddia olunan cihaz bioloji çirklənməyə və mikroorqanizmaların çoxalmasına səbəb olur. Bu vəziyyət xüsusilə infeksion xəstəliklərə səbəb olur. Təbii olaraq su mikrobioloji baxımdan təhlükəli hala düşür”.

Sosysal belə su filtrlərinin sadəcə ticarət məhsulu olduğunu, satan şəxsləri varlandırmaqdan başqa bir xeyri olmadığını deyib: “Nizamnaməyə görə, vətəndaşı suyla təmin edən qurumlar suyu “Ümumdünya Səhiyyə Təşkilatı”nın (ÜST) müəyyənləşdirdiyi standartlara görə təmizləyir. Həmin qurum suyu sadəcə bu şərtlər altında abonentlərə çatdırmalıdır. Bu səbəblə də əlavə bir su filtrinə ehtiyac yoxdur. İctimai sağlamlıq mütəxəssisi kimi belə filtrlərin satılmasını məqsədəuyğun görmürük. Nəticədə daha təmiz və ləzzətli su içmək istəyərkən bu cihazlar səbəbilə öz sağlamlığınızı təhlükə qarşısında qoyursunuz”.

ÜST dünyadakı xəstəlik mənbələrinin 80 faizinin məhz sular olduğunu, suda olan bəzi təbii mineralların çıxarılmasının səhhət üzərində mənfi təsirə malik ola biləcəyini bildirir. Bu çərçivədə keçirilən araşdırmaların hesabatında bildirilir: “Minerallardan təmizlənmiş suyun insan və heyvan orqanizminə mənfi təsiri var. Bu, bağırsaq selikli qişa pərdəsi, maddələr mübadiləsi, bədənin mineral tarazlığı və bədənin başqa funksiyalarında meydana gələ biləcək problemlərə birbaşa təsir edir. Həmçinin bədənə sıfır kalsium və maqnezium qəbul edilməsinə, yeni bakteriyaların meydana gəlməsinə səbəb olur. Bədənin mineral və su maddələr mübadiləsini təhlükəyə ataraq daxili tarazlıq mexanizmləri üzərində mənfi təsir yaradır”.

Bu filtrləri satan satıcı müştərilərini çox sadə bir yolla aldada bilər. Elektroliz adlı cihaz suya qoyulur. Cihaz suyun daxilində olan zərrələr və ionların bir-biri ilə toqquşmasına səbəb olur. Bundan sonra suyun içində olan minerallar yanır və ortaya qatı palçıq kimi maddələr çıxır. Yenə də başqa bir cihazla suyun içindəki ümumi parçalamnış zərrələrin nisbətini göstərərək suyun nə qədər zərərli və ya zərərsiz olduğunu göstərirlər. Gördükləri qarşısında heyrətə düşən istehlakçı asanlıqla reklam olunan su filtrindən almağa razı olur. Əslində isə ortaya çıxan palçıqvari maddə suyun daxilində olan maddələrin yanması nəticəsində əmələ gəlir. Burda isə anormal heç bir şey yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar