Xərçəngə tutulmaq istəməyənlər ayaqqabı alarkən diqqətli olsun
02 Mart 2013 Şənbə 12:41
Bu baxımdan onların keyfiyyətli olması mühüm əhəmiyyət kəsb edir.
İnsanın fiziki sağlamlığının qorunmasında idman aksesuarları, o cümlədən idman ayaqqabıları xüsusi yer tutur. Fiziki hərəkətlərin yerinə yetirilməsində onlar bir növ insanı stimullaşdırır. Bu baxımdan onların keyfiyyətli olması mühüm əhəmiyyət kəsb edir. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə göndərilən maarifləndirici məlumatda keyfiyyətli idman ayaqqabılarını necə seçmək lazım olduğu göstərilib.

Belə ki, istifadə edilən idman ayaqqabıları keyfiyyətli materialdan hazırlanmalı, rahat olmalı, insanın ayağında əks reaksiya doğurmamalıdır. İdman ayaqqabılarının kifayət qədər geniş çeşidləri mövcuddur. Bunlardan ümumi fiziki hazırlıq üzrə kedaları, yüngül atletika üçün ayaqqabıları, butsaları, ikiqat altlıqlı botinkaları, qaçış və s. üçün ayaqqabıları göstərmək olar. Bütün bu ayaqqabılar rezintekstilli tuflilər, rezintekstilli botinkalar və çimərlik rezin tuflilər kimi üç növdə qruplaşdırılır.

İdman ayaqqabılarının keyfiyyəti onların hazırlandığı altlıq, üzlük, eləcə də, içlik materiallardan və istehsal texnologiyasından asılıdır. Təbii dəri və gönlərdən hazırlanan və istehsal texnologiyasının ardıcıllığına riayət edilərək hazırlanan ayaqqabılar daha rahatdır. Belə ayaqqabılar insan sağlamlığı üçün ziyansızdır.

Bu malları alarkən onlarda sökük, qopma, yarıq formasında hər hansı bir qüsurun olmamasına, içlik materialına xüsusi diqqət yetirmək laızmdır. Yaxşı olardı ki, içində xüsusi tərlik olsun. Tərlik altlıqla bərabər səviyyədə olmalıdır. Əgər süni materialdan olan idman ayaqqabısı almısınızsa, heç olmasa, tərliyin təbii materialdan və ya parçadan olması vacibdir. Təbii materialdan hazırlanan tərlik sağlamlıq üçün əsas şərtdir. İstehsalında plastik materiallardan, zahirən dəriyə oxşayan sintetik materiallardan istifadə olunan, hava buraxmayan ayaqqabılar sağlamlığınıza böyük zərbə vura bilər. Ayaqqabını seçərkən həmişə ikisini də geyinib yoxlamaq lazımdır.

İdman ayaqqabısı seçərkən əsas meyar model və rəngdən öncə onun rahatlığı olmalıdır. Ayağın anatomik quruluşuna uyğun gəlməyən, böyük və ya ayağı sıxan ayaqqabı almaq olmaz. Ən uzun barmaqla ayaqqabının ucu arasında bir qədər boşluq olmalıdır.

Rezin və tekstil materiallı hissələrin bitişdiyi yerlər bütöv olmalı, qopma və aralanmalara rast gəlinməməlidir. İstifadə zamanı idman ayaqqabıları insanın dərisinə, barmaqlarına xələl gətirməməli, təhlükəsiz olmalıdır.

İdman ayaqqabılarının keyfiyyət və təhlükəsizliyinə təminat verən sənəd isə həmin məhsullara olan uyğunluq sertifikatıdır. Ona görə də, ticarət şəbəkəsindən idman ayaqqabıları əldə edilərkən birinci növbədə həmin sənədin olub-olmamasını soruşmaq lazımdır. Uyğunluq sertifikatı olmayan malları almaq olmaz.

Ayaqqabının içini əl ilə yoxlayaraq astar və başqa hissələrdə ayağı narahat edəcək qırışıqların olmadığından əmin olmaq lazımdır. Tikiş xətalarının olmamasına diqqət yetirin. Nəzərə alın ki, istehsalında plastik materiallardan, həmçinin orqanizm üçün həyati təhlükə daşıyan, sintetik materiallardan istifadə olunan, hava buraxmayan ayaqqabılar ağciyər, qaraciyər və böyrəklərdə xərçəng xəstəliyinin meydana çıxmasına səbəb olur. Belə ayaqqabılar sağlamlığa böyük zərbə vurur.

İdman ayaqqabılarının istehsal tarixindən etibarən saxlanmasına zəmanət müddəti 12 aydır. Xüsusi qəlib üzərində formaya salınıb tikilən ayaqqabıların istismarına zəmanət müddəti 75 gün, təzyiq altında tökmə üsulu ilə istehsal olunmuşlarda isə 90 gündür.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinədə lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ təsbit edilib. Bu eyni zamanda aldığınız idman ayaqqabısına da şamil oluna bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal, o cümlədən ayaqqabı istifadə olunmayıbsa o alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində dəyişdirilə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar