Uşaqların həssaslıq dövrləri
03 Fevral 2010 Çərşənbə 10:10
Uşaq böyütmək, tərbiyə etmək hər şeydən əvvəl böyük bir fədakarlıq tələb edir
Hər bir ailə övlad sahibi olmağı arzulayır. Amma uşağa baxmaq kənardan göründüyü qədər asan iş deyil.
Uşaq böyütmək, tərbiyə etmək hər şeydən əvvəl böyük bir fədakarlıq tələb edir. Çünki hər bir uşağın həssaslıq tələb edən dövrləri var. Bu dövrlər arasındakı iki dövr var ki, valideynlər bu dövrdə daha səbrli və diqqətli olmalıdırlar. Bu dövrlərdən biri 3-5 yaş dövrü, digəri isə yeniyetməlik dövrüdür.

3-5 yaş dövrü

Uşaq 3 yaşına qədər içində yaşadığı dünyanı dərk etməyə çalışır. 3 yaşına yaxınlaşdıqca, artıq şəxsiyyəti formalaşmağa başlayır. Bu dövrdə uşaq hər şeyin ona aid olduğunu düşünür.Təbii olaraq “mən”lə başlayan cümlələr qurur. Bu yaşda olan uşaqlara inadkarlıq xasdır. 3-5 yaş dövründəki uşaqların özlərini qəbul etdirmək üçün “yaramaz” hərəkətlərə yol vermələri də təbiidir. Bu dövr əsasən 5 yaşına qədər davam edir. Əgər valideyn bu dövrdə uşağın bütün istəklərini yerinə yetirirsə, deməli, böyük səhvə yol verir. Halbuki ən uzun ömürlü tərbiyə bu dövrdə verilən tərbiyədir. Buna görə də valideyn uşağı anlamağa çalışmalı, onunla tez-tez ünsiyyətdə olmalı, cəmiyyət içində ona qarşı alçaldıcı hərəkətlərə yol verməməlidir.

Yeniyetməlik dövrü

Əgər 3-5 yaş dövründəki uşaq “mən”lə başlayan cümlələr qurursa, yeniyetməlik dövründəki uşaq daha çox “mənə görə”, “mənim fikrimcə” deyir bu isə onun hər şeyi bildiyini düşünməsindən irəli gəlir. Ətrafındakıları bəyənmir və təbii ki, onları mümkün qədər tənqid etməyə çalışır. Yeniyetməlik dövründə uşağın xarakteri yavaş-yavaş formalaşmağa başlayır. İnadkarlıq göstərir, əsəblərinə hakim ola bilmir. Beləliklə bu iki dövr təhlükəsiz ötüşsə, gələcəkdə valideynlə uşaq arasında elə bir ciddi problem baş verməz. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar