Ürəyinizi açmaqdan çəkinməyin!
02 May 2011 Bazar Ertəsi 03:06
Dünyada insanların 60 faizi məhz ürəklə bağlı xəstəliklərdən vəfat edir
Kimisi pilləkənlərin başında, kimisi mənzilində, kimisi iş başında, kimisi də küçələrdə canını əzrayıla tapşırır. Son vaxtlar ürək xəstəliyi insanların, xüsusən də cavanların qəniminə çevrilib. Azərbaycanda ürək xəstəliyi cavanlaşıb. Əgər əvvəllər ürək damar xəstəliyi üçün qorxulu yaş həddi 55-60 arası idisə, indi bu rəqəm xeyli aşağı düşüb. Kişilər 40-60, qadınlar isə 50-65 yaşında artıq bu xəstəliyin qurbanına çevrilirlər. Statistik göstəricilər ürək xəstəliyindən ölənlərin sayının ilbəil artdığını və daha cavan yaş həddinə keçdiyini təsdiqləyir. 2010-cu ildə ürək qan-damar xəstəliklərindən əziyyət çəkən 258 min 870 nəfər qeydiyyata alınıb. Əgər yaş hədləri ilə sıralama aparsaq o zaman görərik ki, 0-13 yaş arası 15 min 806, 14-17 yaş arası 3780, 18-29 yaş arası 19 min 791, 30 və daha yuxarı yaşda 219 min 493 ürək xəstəsi var. 2010-cu ildə 29 min 460 nəfər ürək-damar xəstəliyindən dünyasını dəyişib.
Ürək xəstəliyinin cavanlaşması, son bir neçə ayın itkilərindən də bəllidir. Bu il fevralın 1-də lirik mahnıların ifaçısı Rüfət Mehdiyev 41 yaşında, martın 4-də tanınmış aktyor Elçin Həmidov 51 yaşında, aprelin 23-də “Bakılı oğlanlar” klubunun kapitanı, keçmiş millət vəkili Anar Məmmədxanov 41 yaşında ürək xəstəliyindən vəfat etdilər. Bu ancaq aysberqin görünən tərəfidir. Ürək damar xəstəliklərindən daha çox incəsənət adamlarının əziyyət çəkməsi də faktdır. Çünki bu xəstəliyi yaradan faktorlardan biri də stresdir ki, bu da incəsənət insanlarını, bütün həyatları boyu müşayiət edir. Həmsöhbətim Xalq artisti Tariyel Qasımov gənc olmasa da onu ürək xəstəliyi - 40 yaşında yaxalayıb. O, 40 yaşında infarkt keçirib. “Ən çox infarktdan əziyyət çəkən aktyorlardır. Həddən artıq çılğın obrazlar oynayırlar. Məsələn mən qəhrəmanlıq səhnəsini oynayıram və sair. İki dəfə infrakt keçirmişəm. 2007-ci ildə ürəyimdən əməliyyat olunmuşam. 4 damarı dəyişib”.
Həkimlər, ürək xəstəliyinin çoxalmasını sosial faktorlarla, ətraf mühit, ekoloji amillər və son illər artan emosional gərginliklə, fikir, stresslə əlaqələndirirlər. Ürək qan-damar xəstəliklərinə ürəyin işemiyası, hipertoniya, ürək qüsurları daxildir. Bunların ən geniş yayılanı isə ürəyin işemik xəstəliyidir ki, bu da qəfləti ölüm, miokard infraktı, ürək ritminin pozulması və ürək çatışmazlığı kimi özünü göstərir. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hazırda insanın həyatdan köçməsilə nəticələnən halların 60 faizi qeyri-infeksion mənşəli xəstəliklər üzündən baş verir ki, bu qrupda liderlik edən isə ürək-damar xəstəlikləridir. Dünyada insanların 60 faizi məhz ürəklə bağlı xəstəliklərdən vəfat edir. ÜST-nın apardığı tədqiqatlara görə, Azərbaycan bu sahədə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Ötən ilin əvvəlindən bəri ölkədə ürək-damar cərrahiyyəsilə bağlı 4 mindən artıq əməliyyat keçirilib ki, onların 40%-i Bakının, 20%-i Sumqayıt və Gəncənin, qalanları isə digər rayon və şəhərlərin payına düşür.
Əgər əvvəllər miokard infarkta 60-70 yaşlılar arasında təsadüf olunurdusa, indi bu xəstələrin böyük əksəriyyəti 40-50, bəzən 35 yaşında olur. Ürək-damar xəstəlikləri xronikidir. Bunun kurs müalicəsi yoxdur. Müalicə uzun müddət, fasiləsiz aparılmalıdır. Ürək-damar xəstəlikləri üzrə göstəricidə əksər faizi irsi keçən xəstəliklər təşkil edir. Nəsildə infarkt, ürək xəstəlikləri kimi problemlərin daşıyıcıları varsa, o nəslin digər nümayəndələri həkimə çox erkən yaşlarında müraciət etməlidir. Çünki damarların darlığı və ya genişliyi valideynlərdən övladlarına ötürülə bilər. İnfarktla nəticələnən təhlükəli amillərdən biri də siqaret çəkməkdir. Tütün məhsullarının istifadəsi ürəyin ürək əzələlərində qan dövranını azaldır. Ürəklə bağlı ölənlərin 40 faizinin səbəbi siqaretdir. Amma başqa səbəblər də var.
Ürək Cərrahı Kamran Musayev siqaret və s. tütün məmulatı istifadəçilərinin risk qrupunda olduqlarını deyib: “Bu xəstəliklər getdikcə gənc xəstələrdə, daha cavan xəstələrdə qarşımıza çıxır. Gənc yaşda bu xəstəliyin ortaya çıxmasının ən önəmli səbəblərindən biri də irsiyyətdir. Qəfləti ölüm olan insanlar, köklər, qan təzyiqi və şəkər xəstəliyi olanlar və habelə gənc yaşlarında ciddi şəkildə siqaret çəkən və digər tütün məmulatlarını istifadə edənlər də risk qrupunda olan insanlardır. Bunlar mütləq kardiologiyaya getməlidirlər. Biz onları tez-tez itiririk”.
Son vaxtlar təcili tibbi yardıma çağırışların da sayında artım var. Bir sutka ərzində 1650-dək çağırış edilir. “Çağırışların sayı 25-30 faiz artıb. Əvvəllər hər briqadaya 4-6 çağırış olurdusa, bu gün 10-12-dir. Küçələrdə tıxaclar mənzil başına çatmasına maneə olur. Odur ki hər bir avtomobil sürücüsü bilməlidir ki həmin xəstə onun yaxınları da ola bilər. Vətəndaşlardan xahiş dirik ki o maşınlara yol versinlər” – deyə təcili və təxirəsalinmaz tibbi yardim stansiyasinin baş həkimi Mürsəl Həmidov bildirir.
Ürək ən zəhmətkeş orqandır. Gecə-gündüz dayanmır. Biz əsəbiləşirik, ürək yorulur. Fikirləşirik, həyəcan keçiririk, ürək reaksiya verir. Odur ki, ürəyimizi qənimimizə çevirməmək öz əlimizdədir.
DOSTLARINLA PAYLAŞ: