Ukraynalı həkimlər Azərbaycanda 15 qeyri-qanuni əməliyyat keçirib
20 May 2011 Cümə 23:01
Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndələri Bakıda insan orqanlarının qanunsuz transplantasiyası ilə bağlı müzakirələr aparıb.
İnsan orqanlarının qanunsuz transplantasiyası Bakıda səfərdə olan Ukrayna Daxili İşlər Nazirliyinin nümayəndələri ilə müzakirə olunub. Orqanların transplantasiyasını həyata keçirən şəxslər barəsində cinayət işi başlanıb. İstintaq gedir. Kiyevdəki Şalimov adına İnstitutun həkimləri 25 qeyri-qanuni cərrahiyyə əməliyyatının 15-ni Azərbaycanda, qalanlarını isə Ekvador və Kosovoda keçiriblər. Bunu Ukrayna DİN-in baş istintaq idarəsinin rəisi Vasili Farinnik bəyan edib.
Nazirliyinin istintaq idarəsinin əməkdaşı İvan Babayevin ANS-ə verdiyi məlumata görə, hazırda istintaq işləri davam etdirilir: “Qara transplantasiya” işi üzrə 25 zərərçəkən var və cərrahiyyə əməliyyatı faktları sənədlərlə təsdiqlənib. Ümumilikdə iş üzrə 6 nəfər istintaqa cəlb olunub, onlardan üçü həkimdir. İstintaqa cəlb olunan şəxslərin hamısı həbs olunub. Həkimlər təkcə insan orqanlarının transplantasiyası ilə bağlı qeyri-qanuni cərrahiyyə əməliyyatları aparmaqda ittiham olunmurlar, onlara qarşı mütəşəkkil cinayətkar qruplaşma yaratmaq ittihamı da irəli sürülüb. Bu qruplaşmanın rəhbəri tibbi təhsili olmayan İsrail vətəndaşıdır”.
Onun sözlərinə görə, hər bir əməliyyatın qiyməti 100 min dollar təşkil edib. Onun ancaq 10 mini donorlara verilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun ANS-ə verdiyi məlumata görə, insan orqanlarının qanunsuz transplantasiyası əməliyyatlarının həyata keçirilməsi faktları ilə bağlı Respublika Baş Prokurorluğu tərəfindən Azərbaycan Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərmiş tibb mərkəzinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.2-ci, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda, maddəsi ilə cinayət işi başlanıb. Eldar Sultanovun sözlərinə görə, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, ibtidai istintaqın aparılması Baş prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb. Hazırda istintaq işləri davam etdirilir. Amma hazırkı vaxtadək təqsirləndirilən və ya cinayət məsuliyyətinə cəlb olunan yoxdur.
Xatırladaq ki, Ukraynanın hüquq-mühafizə orqanlarından daxil olmuş hüquqi yardım göstərilməsi haqqında müraciət əsasında Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən də birgə araşdırma aparılıb. Müəyyən edilib ki, Ukrayna vətəndaşlarından ibarət bir qrup şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu il ərzində müxtəlif ölkələrin vətəndaşlarını Azərbaycana gətirməklə onların üzərində Azərbaycan Beynəlxalq Universitetinin tibb mərkəzində ukraynalı həkimlər tərəfindən böyrəklərinin transplantasiyası ilə bağlı qanunsuz cərrahiyyə əməliyyatlarının keçirilməsini təşkil ediblər. Ukrayna Daxili İşlər Nazirliyi tərəfindən başlanmış cinayət işi üzrə respublika Baş prokurorluğu və Daxili İşlər Nazirliyi həmin ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Müəyyən olunub ki, Beynəlxalq Universitetinin nəzdində fəaliyyət göstərən tibb mərkəzinin vəzifəli şəxsləri səlahiyyətlərindən sui-istifadə etməklə “İnsan orqan və toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun tələblərini kobud surətdə pozub, həmin tibb müəssisəsinə insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı cərrahiyyə əməliyyatlarının keçirilməsinə dair xüsusi razılıq verilmədiyi halda, Ukraynadan Azərbaycana gətirilmiş donorlardan qanunsuz olaraq böyrəklərin əcnəbi vətəndaşlar olan resipiyentlərə köçürülməsi ilə bağlı 10 cərrahiyyə əməliyyatının keçirilməsinə şərait yaradıblar. Onlar müvafiq sənədləşdirmə aparmadan hər bir əməliyyata görə külli miqdarda pul alıblar. anspress
DOSTLARINLA PAYLAŞ: