Toyuq alarkən diqqətli olun
22 Yanvar 2011 Şənbə 23:35
Ölən ev quşları bəzi işbazlar tərəfindən bazarlara satışa çıxarılır.
Rayonların əksəriyətində ev quşları kütləvi şəkildə tələf olur. Əvvəlcə məlumat Qəbələdən gəlib. Bu rayonun Vəndam kəndində artıq yüzlərlə toyuq ölüb. Narahatedici məqam, həm də odur ki, ölü toyuqlar xəstəliklərin yayılmasının qarşısını almaq üçün nümayişkəranə sürətdə məhv edilmir.
Füzuli rayonunda, konkret olaraq Yuxarı və Aşağı Kürdmahmudlu kəndlərində də eyni vəziyyətdir. Toyuqların tələfatı dayanmır, amma bu rayonda ölü toyuqları digər rayonlarda olduğu kimi qazıb basdırmırlar. Rayon baytarları isə ev quşlarının kütləvi tələfatını təsdiq etmir.
Füzuli rayon Baytarlıq İdarəsinin rəisi Şirvan Ağakişiyev bildirib ki, onlara məsələ ilə bağlı heç bir məlumat daxil omayıb: “Bir-iki baş ölüm olursa, o həmişə rast gəlinən xəstəliklərdir, yəni parasitar xəstəliklər. Quşların saxlanma qaydalarına düzgün əməl olunmur”.
Məhz buna görədə tələf olan ev quşlarının normalara uyğun məhvi təşkil olunmur. Əhali isə faktlarla danışır və bu faktlar yüzlərlə quş ölümündən xəbər verir.
Qeyd edək ki, Azad İstehlakçılar Birliyi məlumat yayıb: "Ölən ev quşları bəzi işbazlar tərəfindən paytaxt bazarlarına satışa çıxarılır". Birliyin sədri Azad Eyyubov təəsüflə qeyd edir ki, bu ölmüş quşlar, yəni murdar olmuş quşlar təşkil olunmuş şəkildə çox ucuz qiymətə alınır, daha doğrusu, satılmaq üçün bazara çıxarılır.
Paytaxtda isə artıq həm baytarlar, həm də sanitar həkimlər tərəfindən araşdırmalara başlanılıb. Dövlət Baytarlıq Xidmətində də rayonlarda olduğu kimi ev quşlarının kütləvi ölümü faktı təsdiq edilmir və narahatlığa əsas da görülmür. Hələlik əldə olan rəsmi sərəncamlara istinad edilir. Amma hər ehtimala qarşı əhaliyə kənd toyuğu alarkən ayıq olmaq tövsiyəsi var.
“Ölmüş quşun kəsilmsiylə diri quşun kəsilməsi arasında böyük fərqlər var. Ölmüş quşu kəsəndə boğazı dartılmış olmur, düz olur, diri quş kəsiləndə isə boğazının sümüyü qalır dəri çəkilir dala. 3-5 sm fərq edir. Sərəncamda da göstərilib ki, nəzarətsiz quş əti və diri quşun satışı qadağandır”,- deyə Dövlət Baytarliq Xidmətinin sektor müdiri Kliment Əsədov bildirib.
Qadağan olunsa da, paytaxtın bir çox ticarət mərkəzlərində kənd toyuğunun satışı həyata keçirilir. Əlbəttə, baytar nəzarətindən keçibsə, bu normal sayılır. Sanitar həkimlər də belə deyir, amma gigiyena və epidemiologiya mərkəzinin əməkdaşları bu satış obyektində satılan diri və kəsilmiş kənd toyuqlarına zəmanət vermir.
Gigiyena və epidemologiya mərkəzinin şöbə müdiri Ziyəddin Kazimov bildirir ki, araşdırmalar zamanı məlum oldu ki, burda diri və kəsilmiş quşların sağlam olması barədə müşayiətedici sənədlər təqdim olunmadı. Belə sayılır ki, belə obyektlər qeyri-qanuni sayılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: