Təcili və Təxirəsalınmaz Tibbi Yardım əhailyə müraciət edib
02 Fevral 2012 Cümə Axşamı 11:26
Mürsəl Həmidov: “Hava şəraiti ilə əlaqədar lazım olmadığı təqdirdə küçəyə çıxmayın”.
Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Stansiyanın baş həkimi Mürsəl Həmidov ANS PRESS-ə açıqlamasında bildirib ki, paytaxt küçələrinin buz bağlaması nəticəsində təcili tibbi yardım maşınlarının hərəkəti çətinləşib.
“Vətəndaşlardan xahiş edirik ki, zərurət olmadığı təqdirdə lazımsız yerə təcili yardıma müraciət etməsinlər. Bəzən adi həkim reseptinə görə zəng eləyib təcili yardım çağırırlar ki, bunu necə qəbul eləyək. Bunu telefonla məsləhət də almaq olar və yaxud da zəng edirlər ki, gəlin uşağı bələməyə mənə kömək edin. Elə elementar şeylərdən ötrü təcili yardımı çağırırlar, maşın o xəstənin üstünə çətinliklə gedib çatır, ağır xəstə qalır bir tərəfdə, biz həmin xəstələrin üstünə gecikirik. İnsanlara tövsiyəm ondan ibarətdir ki, ciddi bir şey yoxdursa, təcili yardımı ünvana çağırmasınlar, əvəzində zəng edib telefonla məsləhət alsınlar. Ağır xəstələr, travmalar, doğuşlar, qanaxmalar, sudurğalar, uşaqlarda yüksək hərarət,insult , infarkt, yüksək təzyiq olan hallarda təcili yardım çağırsınlar. İnsanlar başa düşməlidir ki, elementar şeylərdən ötrü həkimi çağırmaq başqa ağır xəstələr üçün nə qədər problemlər yaradır”, - deyə Mürsəl Həmidov bildirdi.
Bundan başqa, həkim vətəndaşalara məsləhət görür ki, hava şəraiti ilə əlaqədar lazım olmadığı təqdirdə küçəyə çıxmasınlar və avtomobillərdən istifadə etməsinlər: “Maşınların hərəkəti çox çətindir. İnsanlar hərəkət edə bilmir. Əsassız küçəyə çıxmaq özünü təhlükəyə atmaq və həyatı risqə qoymaq deməkdir. Xüsusən də yaşlı insanlar yüngül yıxılmaqla ağır xəsarət ala bilər. Yaşlı insanların ümumiyyətlə küçəyə çıxması məsləhət deyil. Çünki yaşlı insanlarda sümüklər kövrək olur və əgər qırılma baş verərsə, sümüklər gec bitişir”.
Qeyd edək ki, ötən gün paytaxtda təcili yardıma 1469 müraciət daxil olub. Bunlarda 82 nəfər travma ilə müraciət edib, onlardan 52 nəfər xəstəxanaya yerləşdirilib. 17 nəfər dəm qazından zəhərlənib, 12 nəfər xəstəxanaya yerləşdirilib. 11 yol qəzasında 3 nəfər ölüb, 16 nəfər xəsarət alıb.
DOSTLARINLA PAYLAŞ: