Sinoptiklər isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir
06 Avqust 2012 Bazar Ertəsi 13:08
Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət görülmür.
Azərbaycan sinoptikləri isti hava şəraiti ilə bağlı növbəti xəbərdarlığını edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, avqustun 7-8-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və arabir yaranan durğun hava şəraiti fonunda gündüz güclü isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Bakıda və Abşeron yarımadasında avqustun 7-də hava şəraiti əsasən günəşli keçəcək. Şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 23-27, gündüz 36-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 27-28, Buzovna, Mərdəkan, Şüvəlanda 28-29, Türkan, Hövsan, Şıx, Sahildə 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 7-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar