Sincap nişanlı çərəz və Ece nişanlı yaşıl zeytun yararsız çıxdı
31 Mart 2011 Cümə Axşamı 17:41
“Can-Pa” MMC-nin idxal etdiyi məhsulların normativ sənədin tələblərinə cavab vermədiyi müəyyən olunub
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları “Can-Pa” MMC-nin idxal etdiyi müxtəlif növ ərzaq məhsullarının keyfiyyəti, təhlükəsizliyi və standartın tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə araşdırma aparıb. Dövlət Ximətindən ANS PRESS-ə verilən məlumata görə, məhsullardan nümunələr götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib. Keçirilmiş müayinələr nəticəsində təqdim edilmiş nümunələrdən “Sincap” nişanlı çərəz nümunəsi toksiki elementlərdən qurğuşunun miqdarına, ”Ece” nişanlı süfrəlik yaşıl zeytun nümunəsi isə mikrobioloji göstəricilərdən maya göbələklərinin aşkar edilməsinə görə normativ sənədlərin tələblərinə cavab verməyib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisəyə iradnamə və məhsul partiyalarının satışının qadağan edilməsi barədə tələbnamələr verilib, habelə istifadəyə yararsız məhsulların məhv edilməsinə dair qərar qəbul olunub. Bununla bağlı müəssisənin nümayəndəsinin iştirakı ilə dövlət müfəttişləri tərəfindən ümumu həcmi 300 kq olan “Sincap” nişanlı çərəz və 1000 ədəd 200 qramlıq ”Ece” nişanlı süfrəlik yaşıl zeytun məhsulu aktlaşdırılaraq məhv edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar