Səhiyyə naziri bəzi dövlət tibb müəssisələrinin pullu xidmət göstərməsinə aydınlıq gətirdi
10 Aprel 2012 Çərşənbə Axşamı 02:41
Oqtay Şirəliyev: “Səhiyyə sahəsində çalışan 140 min insanın əməkhaqqının birdən-birə artırılması real deyil”.
Səhiyyə naziri Oqtay Şirəliyev bəzi dövlət tibb müəssisələrinin ödənişli tibbi xidmət göstərməsinə aydınlıq gətirib. O.Şirəliyev Səhiyyə Nazirliyinin (SN) rəsmi mətbu orqanı olan “Tibb” qəzetinə müsahibəsində bunu həmin müəssisələrin maliyyələşmə forması ilə izah edib.

Nazir bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə bu ilin əvvəlindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) balansından çıxarılaraq SN-in tabeliyinə verilmiş regional diaqnostik mərkəzlər ödənişsiz tibbi xidmətlər göstərməkdə davam edəcək. Nazirliyin tabeliyinə verilmiş Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) hazırda neftçilərə yüksək səviyyədə xidmət göstərildiyini deyən nazir qeyd edib ki, bu müəssisədə tibbi xidmətlər yenə də ARDNŞ-in vəsaiti hesabına olacaq. “Amma bu, birbaşa müqavilə, yoxsa tibbi sığorta hesabına tətbiq ediləcək, - bunu artıq onlar özləri həll etməlidirlər”, - deyə O.Şirəliyev əlavə edib.

O.Şirəliyev onu da bildirib ki, maliyyələşmə statusunun dəyişməsinə baxmayaraq, MNX-in gəliri ödənişli əsaslarla xidmət, sığorta müqavilələri və neftçilərə tibbi xidmətin göstərilməsi hesabına formalaşır. Xəstəxana işçilərinin əməkhaqlarının əvvəlki kimi saxlanılması özlərindən asılıdır.

Azərbaycanın səhiyyə sahəsində 140 min insanın çalışdığını bildirən nazir deyib ki, onların hamısının əməkhaqqının birdən-birə artırılması real deyil. Bu, tədricən baş verən prosesdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar