Saç boyaları xərçəngə gətirib çıxarır?
24 Yanvar 2012 Çərşənbə Axşamı 02:05
Saç boyaları xərçəngə gətirib çıxarır? Azərbaycanlı mütəxəssis bu barədə iddialara münasibət bildirdi.
Keçmiş zamanlardan bəri qadın gözəlliyinin bir parçası onun saçları olub. Qadınlarımız və gənc qızlarımız hər zaman saçlarının qeydinə qalıb, onların yaxşı görünməsini istəyiblər. Bəzi xanımlarımız saçlarını gözəl saxlamaq üçün saç boyalarından istifadə edirlər. Əslində isə bu cür boyaların nə dərəcədə ziyanlı olduğunu, saça və baş dərisinə nə kimi zərər vurduğunu bəziləri heç bilmirlər də.

Saç boyasının ziyanı

Həkim-dermatoloq Vaqif Abdullayev Milli.Az-a verdiyi açıqlamasında saç boyalarının baş dərisinə ziyanından danışıb: “İlk növbədə xanımlarımız saç boyalarından istifadə edərkən bilsinlər ki, saç boyalarında istifadə edilən kimyəvi maddələrdən 22-si Avropa ölkələrində qadağan olunub. Biz isə bəzən saç boyasının içində nə olduğuna belə, fikir vermirik.

Ümumiyyətlə, saçı əmələ gətirən beş element var ki, bu da protein (83-87%), su (3%), duz, şəkər və yağ turşusudur. Saç canlı bir orqanizm olmadığı üçün bu elementlərin nisbəti həmişə qorunmalıdır. Saç boyasından istifadə isə bütün bunların məhvinə gətirib çıxarır”.

Yaxşı boya varmı?

Dermatoloq saçlarını boyamağa ehtiyacı olanlara da məsləhət verib: “Xanımlarımız yaxşı olardı ki, təbii boya olaraq xınadan istifadə etsinlər. Çünki xına saçı həm qüvvətləndirir, həm də ona canlılıq verir. Saç boyaları isə xərçəng xəstəliyinə səbəb olur. Saç boyanarkən saçın təmiz, yaxud çirkli olması vacib deyil. Lakin saçda jele varsa, boyamadan öncə onu təmizləyin.

Saç boyasını vurmazdan əvvəl saçın diblərinə nəmləndirici krem vursanız, sonradan boyanı nəmli pambıqla dəridən təmizləmək asanlaşır. Saçı boyayarkən xanımlar bəzi məqamlara diqqət yetirməlidirlər: ilk öncə boyanın istifadə qaydasını oxumalıdırlar, əyinlərinə köhnə paltar geyinsələr, daha yaxşı olar, saç boyasını əlcəksiz vurmasınlar, əgər boya dəriyə bulaşıbsa, boyanı dərhal yaş dəsmal və ya dəri təmizləyən pambıqla silsinlər. Və son olaraq, ən vacibi - rəngin tutması üçün vaxta düzgün əməl olunmalıdır”.

“Saç boyaları xərçəng yarada bilir”

Həkim-dermatoloq Vaqif Abdullayev xanımlarımıza həmçinin boyaların əks təsiri ilə bağlı xəbərdarlıq etdi: “Əgər birinci dəfə heç bir əks təsir etməmişdirsə, üçüncü dəfə istifadə zamanı saç boyalarının allergik reaksiya verməsi təəcüblü deyil. Çünki saç boyalarının belə bir xüsusiyyəti var. Həmçinin, saçlarını bu cür boyalarla rəngləyərkən xanımlarımız unutmasınlar ki, bu cür boyalar baş dərisini yandırmağa da qadirdir.

Bu gün çox gənc yaşda olan qızlarımız da saçlarını boyayırlar. Bu isə düzgün deyil. Axı insanın təbii saçı əvəzedilməzdir. Saç rəngində dəyişikliklər etmək istəyənlər, yaxşı olardı ki, xınadan istifadə etsinlər”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar