Son günlər Türkiyədə 4, Honq-Konq və Gürcüstanda isə 1 nəfərdə “quş qripi” xəstəliyinin (H1N1 virusu) aşkarlanması barədə yayılan məlumatlardan sonra Azərbaycan ərazisində qabaqlayıcı tədbirlərin görülməsi zərurəti yaranıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən
APA-ya verilən məlumata görə, Cənub-Şərqi Asiyadan Azərbaycana vəhşi quşların miqrasiya etməsi, Gürcüstan və Türkiyənin isə ölkəmizlə həmsərhəd olması xəstəliyin hər an ölkəyə daxil olma ehtimalını artırır.
Bununla əlaqədar ETSN tərəfindən 01 dekabr 2010-cu il tarixində ölkə ərazisində quş ovuna bir aylıq müvəqqəti qadağa qoyulub, quş ovu üçün nazirliyin Ərazi Şöbələrinə ayrılmış ov icazələrindən istifadənin hüquqi qüvvəsi dayandırılıb.
Məsələ ilə əlaqədar yekun qərar qəbul olunması üçün “Azərbaycan Respublikasında quş qripi xəstəliyinin qarşısının alınması və bu sahədə bütün qurumların birgə fəaliyyətinin əlaqələndirilməsi üzrə Dövlət Komissiyası”na müraciət edilib.
Qeyd edək ki, çoxsaylı ovçuların müraciətləri nəzərə alınaraq 05 noyabr 2010-cu il tarixində ölkə ərazisində su-bataqlıq quşlarının ovu açıq elan olunub.