Qırmızı pəhriz
12 Mart 2011 Şənbə 15:06
Qırmızı rəng immuniteti gücləndirir, beynin və digər daxili orqanların işini stimullaşdırır, qanı təmizləyir
Qarşıdan yaz-yay mövsümü gəlir. Bu isə o deməkdir ki, qışda alınan artıq çəkilərdən azad olmağın əsl zamanıdır. Artıq çəkidən azad olmaq üçün ən effektiv yol pəhrizdir. ANS PRESS "Aysel" jurnalına istinadən qırmızı pəhrizi təqdim edir. Bu pəhriz əlavə çəkidən azad etməklə bərabər, həm də cavanlaşdırıcı effektə malikdir.

Qırmızı rəng immuniteti gücləndirir, beynin və digər daxili orqanların işini stimullaşdırır, yaradıcı və seksual potensiyanı artırır, qanı təmizləyir və zənginləşdirir, isidir və enerji verir, əhvalı yaxşılaşdırır, depressiya ilə mübarizə aparmağa kömək edir.

Pəhriz zamanı yalnız qırmızı ərzaqlarla qidalanmaq şərtdir: qırmızı alma, qırmızı giləmeyvələr, qırmızı bibər, çuğundur, pomidor, qırmızı soğan, qırmızı lobya, üzüm, qreypfrut və s. Bundan başqa, rasiona qırmızı balıq, qırmızı kürü, krevet də daxil edilə bilər. Mayedən isə yaşıl və qırmızı çaya üstünlük verilməlidir.

Qırmızı pəhriz 5 gün üçün nəzərdə tutulub və nəticədə 2-3 kq artıq çəki atmaq mümkündür. Pəhrizi saxlamaqla yanaşı, daxili orqanları masaj edən və aclıq hissini yatırdan tənəffüs gimnastikası etmək də çox faydalıdır. Gimnastika belədir: qarnınızı içəriyə doğru çəkərək bir neçə dəfə dərindən nəfəs alın və buraxın. Nəfəsi saxlamaq və səslə buraxmaq yaxşı effekt verir.

Arıqlamanın effektivliyi əhvaldan da asılı olur. Ona görə pəhriz zamanı özünüzü xoş kosmetik prosedurlarla sevindirin. Əgər aclıq hissi yatmanıza mane olursa, vanna qəbul edin. Suya qızılgül ləçəkləri əlavə edin, sonra isə dərinizə qırmızı giləmeyvələrdən hazırlanmış maska çəkin: Moruğun şirəsini çıxararaq üzərinə 2 xörək qaşığı süd əlavə edin. Məhlulu tənzifə batıraraq üzünüzdə 15-20 dəqiqə saxlayın. Sonra ilıq su ilə yuyun. Bir neçə ədəd çiyələyi kəsmiklə qarışdırıb maskanı təmiz üz və boğaz dərisinə vurun və 15 dəqiqə saxlayın. Sonra ilıq su ilə yuyun.

Günlərə görə qidalanma
Birinci gün
Səhər yeməyi: şəkərsiz qəhvə və ya yaşıl çay için. Əgər şəkərsiz içə bilmirsinizsə, 1 çayq qaşığı bal əlavə edin.

İkinci səhər yeməyi: bir ovuc gilas, çiyələk və ya başqa giləmeyvə.
Nahar: bir pomidor və ya şirin bibər, ballı çay.
İkinci nahar: giləmeyvə və ya qırmızı alma.
Şam: qırmızı giləmeyvəli kefir.

İkinci və üçüncü günlər
Giləmeyvələri dəyişin, məsələn, gilasın yerinə albalı yeyin. Nahara isə bir dilim qırmızı balıq yeyin.
Dördüncü və beşinci günlər
Şam yeməyinə qırmızı kürü, soyutma yumurta və bir ovuc krevet əlavə edin.
Əgər verilən rasion sizin üçün kasaddırsa, nahara qırmızı tərəvəzlər əlavə edin, tomat şirəsi və ya şəkərsiz albalı şirəsi için. Fiziki fəal adamlar üçün dəmir və zülalla zəngin olan qırmızı mərcimək yemək məsləhətdir. Acı sevənlər yeməyə qırmızı soğan və ya acı bibər əlavə edə bilərlər. Belə ki, qırmızı bibər ürəkdöyünməni sürətləndirdiyinə, tərləmə prosesini artırdığına görə arıqlamaya yaxşı kömək edir.

Min bir dərdin dərmanı
İtaliyalı alimlər daha çox qırmızı pomidor və portağal yeməyi məsləhət görürlər. Bir sıra təcrübələrdən sonra məhz bu ərzaqları arıqlamaq və sağlamlığı möhkəmlətmək üçün əvəzolunmaz saymaq olar. Gözəl qədd-qamətdən başqa, mütəxəssislər qırmızı meyvə və tərəvəz sevənlərə qırmızı pəhrizin onkoloji xəstəlik riskini azaltdığını da bildirirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar