Pəhriz süd məhsulları istehsal edən müəssisəyə qadağa
20 Dekabr 2010 Bazar Ertəsi 18:05
"Kaspian Prodakşn Layn" MMC-nin məhsullarında bağırsaq çöpü aşkar edilib
"Kaspian Prodakşn Layn" MMC-nin istehsal etdiyi pəhriz kəsmiyinin, dovğanın və ayranın tərkibində bağırsaq çöpü qrupundan olan bakteriyalar (koliformlar) və S.aureus qrupundan olan bakteriyalar (stafilakokk), xamanın tərkibində isə S.aureus qrupundan olan bakteriyalar (stafilakokk) olduğu aşkar edilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bundan başqa, pəhriz kəsmiyinin konsistensiyasının həmcins olmadığı və içərisində yağ hissəcikləri olduğu, dadının pəhriz kəsmiyinə xas olmayan yağ tamı verdiyi, etiketində yağlılığı 0,3 faiz göstərildiyi halda, faktiki 42,0 faiz təşkil etdiyi müəyyən olunub.

Bu, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllədə yerləşən "Kaspian Prodakşn Layn" MMC-nin hazır məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məlum olub.

Laborator müayinələr nəticəsində həmçinin, müəssisədə istehsal edilən qatığın, dovğanın və ayranın turşuluğunun normadan az olduğu müəyyən edilib.

Aşkar edilmiş pozuntularla əlaqədar məhsul istehsalı və satışının təxirəsalınmadan dayandırılması, habelə insan orqanizmi üçün təhlükəli olan 1552 kq süd məhsullarının məhv edilməsi barədə "Kaspian Prodakşn Layn" MMC-yə Dövlət Xidməti tərəfindən icrası məcburi göstəriş verilib.

Araşdırmalar davam edir.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara "Kaspian Prodakşn Layn" MMC-də istehsal edilmiş süd məhsullarını almamağı tövsiyə edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar