Kontakt linza istifade edenlere meslehet
11 Sentyabr 2013 Çərşənbə 05:30
Kontakt linza istifade edenlere meslehet. Bir neçe xeyirli meslehete emel etseniz, rahatlığınızı temin edersiniz.
Son zamanlar gözün kontaklı korreksiyası daha geniş yayılıb. Yerli bazarda xarici firmaların istehsal etdiyi çoxsaylı kontakt linzaları və onlara qulluq vasitələrini görmək olar. Əksəriyyət eynəklərini kontakt linzalarına dəyişərək daha aktiv həyat tərzi sürmək imkanı əldə edirlər.

Pasiyentlərin əksəriyyəti yumşaq kontakt linzalardan istifadə edirlər, amma bəzi göz xəstəliklərində, məsələn, astiqmatizm, keratokonusda bərk, möhkəm kontakt linzalar məsləhət görülür.
Kontakt linzaları həkim məsləhəti ilə seçmək lazımdır. Linza həkim-oftalmoloqa müraciət edilməklə görmə qabiliyyətinin pozulmasının növü və səviyyəsindən, yaşdan və sağlamlıqdan asılı olaraq seçilməlidir. Bu, çox vacibdir, çünki kontakt linzaların gəzdirilməsinin bir sıra zərərli tərəfləri də var.

Kontakt linzaları gəzdirərkən bir neçə xeyirli məsləhətə əməl etsəniz, rahatlığınızı təmin edərsiniz:

* Hər dəfə linzalarınızı çıxardıqda onları təmizləyin.
* Qarışıqlıq düşməsin deyə əlinizə linzanın birini götürün.
* Linzaları saxlandığı konteynerdən çıxardıqdan sonra işlənmiş məhlulu tullayın, konteyneri isə yuyun və qurulayın.
* Oftalmoloqun linzalarınıza qulluqla bağlı tövsiyələrinə ciddi əməl edin.
* Linzaların dezinfeksiyası və saxlanılması üçün nəzərdə tutulan universal təmizləyici məhlulu adi fizioloji məhlula dəyişməyin. Çünki fizioloji məhlul dezinfeksiya etmək xüsusiyyətinə malik deyil.
* Linzalar həmişə yaxşı vəziyyətdə olmalıdır. Kontakt linzalardakı istənilən zədələnmə onları əvəz etməyi tələb edir.

Linzalardan istifadə edərkən:

1) Linzanı şəhadət barmağınızın ucuna qoyun və linzanın tərs üzünə çevirilməməsinə diqqət edin.
2) Eyni əlinizin orta barmağı ilə alt göz qapağını aşağı dartın.
3) O biri əlinizlə üst göz qapağını yuxarıya doğru dartın və linzanı göz bəbəyinə qoyun.
4) Sonra sakitcə göz qapaqlarını buraxın, gözünüzü qırpın. Linza yerinə oturacaq.

Linzaları çıxararkən:

1) Gözlərinizi yuxarı qaldırın və orta barmağınızla alt göz qapağını aşağı dartın.
2) Şəhadət barmağınızla linzanı bəbəkdən gözün ağına tərəf itələyin.
3) Ehtiyatla böyük və şəhadət barmağınızın arasında linzanı gözdən götürün.
4) Linzanı çıxararaq ovucunuza qoyun.
5) Kontakt linzaların təmizlənməsi üçün nəzərdə tutulan məhluldan bir neçə damcı linzanın üst və alt qatına damızdırın. Digər əlinizlə linzanı 15 saniyə səliqə ilə silin (bu qayda rəngli linzalar üçün nəzərdə tutulmayıb).
6) Təmizləyici məhlulla linzanın hər iki tərəfini yaxşıca yuyun.
7) Linzanı konteynerin uyğun şöbəsinə qoyun, konteyneri təmizləyici məhlulla doldurun və qapağını möhkəm bağlayın.
Eyni proseduru linzanın o biri tayı üçün də təkrarlayın.

Linzalar bir qayda olaraq, gündüz gəzdirilmək üçün nəzərdə tutulur. Linzalar səhər qoyulur və yatmazdan əvvəl çıxarılır. Son zamanlar xüsusi linzalar var ki, onları yatarkən çıxarmamaq da olar. Amma uzunmüddətli istifadə sonradan müalicəyə ehtiyacı olan fəsadlara gətirib çıxarır.
Həkimlər linzalarla yatmağı qətiyyən məsləhət görmürlər. Bağlanmış göz qapaqları linzanı əzir və bu da gözün qidalanmasını pozur. Əgər linzalarınızın təlimatında onları yatarkən geymək mümkün olduğu yazılsa belə, bundan qaçmaq lazımdır. Kontakt linzaları gündəlik dezinfeksiya etmək, təmizləmək və xüsusi məhlulda saxlamaq lazımdır. Yaddan çıxarmaq lazım deyil ki, hətta keyfiyyətli, bahalı linzalar belə əbədi deyil. Onları əvəz etmək vacibdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar